Tokio, 9 fevral, /AJMEDIA/
Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 101 ili tamam olur. Muxtariyyət statusu 1921-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanmış Qars müqaviləsi ilə rəsmiləşdirilib.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.
Muxtar Respublika inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5 şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8 şəhər tipli qəsəbə, 206 kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi mövcuddur. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri var. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtdan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərib və Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırıb.