Tokio, 20 fevral, /AJMEDIA/
Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb.
AJMEDIA-nın məlumatıa görə, Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə universitetin Tarix-filologiya fakültəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi konfransda danışılıb.
Tədbirdə çıxış edən ali təhsil ocağının elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycan dilinin inkişafı və qrammatikasından, dilin bir millətin, xalqın həyatında önəmindən danışıb.
Bildirilib ki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Dövlətimizin başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının ifadəsidir. Bu gün muxtar respublikada da dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir.
Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arifə Zeynalova “Ana dilim, doğma dilim” mövzusundakı çıxışında qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ona görə də hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nicat Yaqubov isə “Dilimizə dövlət qayğısı” adlı çıxışında Azərbaycan dilinin geniş təbliğ olunmasında, dünya dilləri arasında öz layiqli yerini tutmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Çıxışda Ulu Öndərin Azərbaycan dilinə diqqət və qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Tədbirdə tələbələr ana dilimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Qeyd edək ki, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbə öldürülüb. UNESCO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında həmin günün Beynəlxalq Ana Dili Günü kimi təsis edilməsi haqqında məsələ qaldırılıb və qəbul edilib. Bu gün 2000-ci ildən bütün dünyada qeyd olunur.