Nəriman Qurbanov: Qurultayın Şuşa şəhərində keçirilməsi bizim üçün sevinc və qürurludur

Tokio, 23 aprel , /AJMEDIA/

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etməkdən qürur duyuram. İnanıram ki, qurultayda iştirak edən Gürcüstandan olan soydaşlarımız da mənim kimi qürurludurlar. Biz bölgədə yaranmış yeni reallıqları diqqətlə izləyirik, öyrənirik. Burada həyata keçirilən quruculuq və bərpa işləri bizi çox sevindirir.
AJMEDIA xəbər verir ki, bu sözləri qurultayda iştirak edən Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin sədri Nəriman Qurbanov tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-a bölüşərkən söyləyib.
O deyib: “Dünya Azərbaycanlılarının V Qurultayının Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi olan Şuşa şəhərində keçirilməsi bizim böyük sevinc və qürur hissimizdir. 30 illik həsrətdən sonra nə xoşdur ki, biz ilk dəfə olaraq Şuşada görüşdük. Bu tarixi Zəfər hər bir azərbaycanlının qələbəsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bizə qələbə sevincini yaşadan qüdrətli Ordumuza bir daha təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin”.
Bildirilib ki, bu gün hər kəs Qarabağda aparılan bərpa və quruculuq işlərini böyük ruh yüksəkliyi ilə izləyir. Əlbəttə ki, Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyev olmaqla, hər bir iştirakçının işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri ilə əlaqədar olan fikirləri bizim üçün çox vacibdir. Bizlər də öz növbəmizdə, öz fəaliyyətimizlə bölgədə yeni imkanları nəzərdən keçiririk və bu istiqamətdə öz səylərimizi daha da artırmaqda davam etməliyik və edəcəyik”.
N.Qurbanov Azərbaycanın diaspor siyasətinin inkişaf perspektivlərini də yüksək qiymətləndirib. Bildirib ki, Vətən müharibəsində tarixi faktların dünya ictimaiyyətinə və mətbuatına çatdırılmasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin səylərini yüksək qiymətləndiririk. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, tarixi həqiqətlərin dünyaya, o cümlədən Gürcüstan ictimaiyyətinə çatdırılması hər bir soydaşımızın diqqət mərkəzində olub və bu gün də davam edir. Azərbaycan cəmiyyətləri və dərnəklərinin fəaliyyətinin gücləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, diasporumuzun daha da mütəşəkkil formada təşkilatlanması işinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin göstərdiyi dəstəyin zəruriliyi kimi vacib məqamları bizlər hər zaman hiss etmişik.
“Gürcüstanda yaşayan soydaşlarımız bundan sonra da Azərbaycan dövlətinə dəstəyini davam etdirəcək və vahid azərbaycançılıq ideyası ətrafında daha sıx birləşəcəklər. İnanıram ki, digər ölkələrdəki diaspor təşkilatlarımız da bu ideya ətrafında daha sıx birləşəcək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini daha da artıracaqlar”, – deyə N.Qurbanov vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts