“Nəcəf bəy Vəzirov – 170” adlı kitab sərgisi açılıb

Tokio, 2 aprel , /AJMEDIA/

Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı, maarifçi dramaturq, nasir və publisist Nəcəf bəy Vəzirovun doğum günü münasibətilə “Nəcəf bəy Vəzirov – 170” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AJMEDIA-ya bildirilib ki, sərgidə dramaturqun zəngin ədəbi fəaliyyətini gözlər önündə canlandıran əsərləri, həyatı və yaradıcılığı haqqında kitablar nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Şuşa şəhərində anadan olub. Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun, bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında ədibin müstəsna rolu olub. O, bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərib, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib. N. bəy Vəzirov humanizm, yüksək bəşəri idеallar tərənnüm еdən, bədii və ictimai fikir tariximizdə xüsusi yеr tutan “Müsibəti-Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub.

O, “Yağışdan çıxdıq yağmura düşdük”, “Əti sənin, sümüyü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Dələduz”, “Vay şələküm-mələküm”, “Pul düşkünü Hacı Fərəc”, “Ağa Kərim xan Ərdəbili”, “Pəhləvani zəmanə”, “Keçmişdə qaçaqlar” və s. kimi qiymətli əsərlərin müəllifidir. Eyni zamanda, müxtəlif mətbuat səhifələrində -“Həyat”, “İrşad”, “Təzə həyat”, “Tərəqqi”, “Yeni irşad”, “Sədayihəqq”, “Açıq söz” və “Mirat” qəzetlərində publisistik yazılarla çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts