Muxtar respublikanın ali təhsil ocaqlarında Novruz bayramı qeyd edilib

Tokio, 20 mart , /AJMEDIA/

Muxtar respublikanın Naxçıvan Dövlət Universitetində qədim tarixə və zəngin adətlərə malik Novruz bayramı qeyd olunub.

AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu vurğulayıb, bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanımız və qüdrətli Ordumuzun sayəsində işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq yallı rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, yumurta döyüşdürməsi maraqla qarşılanıb.

Bayram şirniyyatı ilə bəzədilmiş çay süfrəsi ətrafında davam edən tədbirdə müəllim və tələbələrin hazırladıqları dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid sənət nümunələri nümayiş etdirilib. Konsert proqramında Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının, Tələbə Teatr Studiyasının, “Naxçıvanqala” ritm qrupunun, Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin çıxışları maraqla qarşılanıb.

Əcnəbi tələbələrin milli bayramımızda azərbaycanlı tələbələrlə birgəlik nümayiş etdirməsi tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Tədbirdə idmanın güləş növündə təmsil olunan gənclərin nümunəvi çıxışları sərgilənib.

* * *

“Naxçıvan” Universitetində keçirilən Novruz şənliyində “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva iştirakçıları qədim tarixi ənənəsi olan milli bayramımız münasibətilə təbrik edib. Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu deyən rektor kollektivə xoş arzularını çatdırıb.

Sonra tədbir bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklərlə davam etdirilib.

Sonda universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, müəllimlər və tələbələr tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa ediblər.

* * *

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə ali təhsil ocağının müəllim kollektivini və tələbələri Novruz bayramı münasibətilə təbrik edən institutun rektoru Azad Novruzov bildirib ki, Novruz xalqımızın ən qədim bayramlarından biridir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb.

Tədbirdə bayram tonqalı alovlandırılıb, tələbələrin hazırladıqları bayram xonçaları və rəsm sərgisinə baxış keçirilib.

Tədbirin davamında gənclər yallı ifa edib, mahnı və şeirlər səsləndiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts