Müstəqilliyə gedən yolun başlandığı tarix – 30 avqust 1991-ci il

Tokio, 31 avqust , /AJMEDIA/

Qafaqazın ən qədim millətlərindən biri olan Azərbaycan xalqının tarixi azadlıq və müstəqillik uğrunda mübarizələrlə zəngindir. Əsrlər boyu davam etmiş, zaman-zaman qazanılmış, itirilmiş və yenidən əldə edilmiş müstəqillik xalqın mübarizlik ruhuna həmişə müsbət təsir göstərib. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı başa çatdığı andan xalqımızın cəsarətli ziyalıları tarixi dövlətçiliyimizi bərpa etmək üçün daim azadlıq mücadiləsi aparıblar. Bu mübarizə I Dünya müharibəsindən sonra baş verən qlobal transformasiyalar şəraitində xalqımızı ilk böyük qələbəyə çatdırıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti meydana gəlib.
Təəssüflə qeyd etməliyik ki, o zaman xalqımızın azadlıq və müstəqillik sevinci uzun sürmədi. Yenicə başa çatmış dünya müharibəsinin dağıntıları aradan qalxmamış beynəlxalq imperializm yeni müstəmləkəçilik siyasətini gündəmə gətirdi. Xalqımızın igid oğullarının qanı bahasına əldə edilən azadlıq nəticəsində meydana gələn Azərbaycan Xalq Cümhuriyyəti yenidən işğala məruz qaldı.
Təqribən 70 il sovet imperiyasının tərkibində öz mövcudluğunu qoruyan Azərbaycan azadlıq savaşını davam etdirdi. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin Sovet imperiyasının süqutu başladı. Belə bir zamanda Azərbaycan öz müstəqilliyini bərpa etmək və yenidən azadlığına qovuşmaq üçün yeni mübarizəyə başladı. Belə bir şəraitdə xalqın ən böyük idealını gerçəkliyə qovuşdurmağın yolunu bilən yeganə siyasətçi Heydər Əliyev idi. Bütün maneələrə baxmayaraq, Heydər Əliyev azadlıq və müstəqillik mübarizəsindən geri çəkilmədi. Əksinə, həyatının qalan hissəsini də Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr etdiyini qürurla və cəsarətlə bəyan etdi.
Ölkəmizin təcavüzə məruz qaldığı və torpaqlarımızın işğal olunduğu ağır bir zamanda 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Bu ona ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə yeni imkanlar yaratdı. Heydər Əliyevin qəbul etdiyi ilk qərarlardan biri Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar oldu. Bundan sonra qəbul edilmiş tarixi qərarlarla Naxçıvanın müdafiəsi və blokada şəraitində mübarizə aparması təmin olundu. Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada Heydər Əliyev tərəfindən müəyyənləşdirildi.
1990-cı ilin noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti üçrəngli Cümhuriyyət bayrağını Naxçıvan MR-in dövlət bayrağı kimi təsbit olunması barədə qərar qəbul etdi. Həmin qərarda yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması Azərbaycan Respublikasının ali qanunverici orqanına təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi oldu. Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı. Ölkə ərazisində baş vermiş və baş verməkdə davam edən bütün qeyri-qanuni hadisələr məhz Naxçıvan Ali Məclisində müzakirə olunur və müvafiq qərarlar qəbul olunurdu. Bu müzakirələrdə mövcud siyasi vəziyyət əhatəli təhlil olunur, ölkədəki böhranlı vəziyyətdən çıxış yolları aranırdı. Odur ki, Naxçıvanda aparılan bütün müzakirələr və həyata keçirilən tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Heydə Əliyevin xalqın taleyi ilə bağlı apardığı siyasət xalq tərəfindən yekdilliklə dəstəklənirdi. Belə cəsarətli və sonrakı dövrdə xalqın müstəqillik idealının gerçəkləşdirilməsində mühüm rol oynamış təkliflərdən biri də 1991-ci il avqustun 30-da məhz Ulu Öndər tərəfindən irəli sürüldü. Belə ki, həmin tarixdə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində o sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Beləliklə, Azərbaycanın XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa etməsi prosesi həyata keçirilməyə başlandı. Müstəqilliyimizin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul olunmasından sonra onun reallaşdırılması və real müstəqilliyə nail olunması da məhz Heydər Əliyevin dərin zəkası və siyasi məharəti nəticəsində mümkün oldu. Bu gün Azərbaycan dünya miqyasında öz müstəqil siyasətini yürütməyə qadir olan azsaylı dövlətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin xalqın milli maraqlarına əsaslanan siyasəti Azərbaycanı dünyanın nüfuzlu və etibarlı dövlətlərindən birinə çevirib. Heç kimdə şübhə yarana bilməz ki, bugünkü müstəqillik uğurlarımızın əsasında Heydər Əliyev siyasəti, Qarabağın işğaldan azad olunması, müasir dövlət və demokratik cəmiyyət quruculuğu sahəsində zəfərlərimizin zəminində isə İlham Əliyevin dəmir iradəsi dayanır.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts