Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini Qurban bayramı münasibətilə təbrik edib

Tokio, 27 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb.
AJMEDIA xəbər verir ki, bayram münasibətilə şəxsi heyəti təbrik edən, müqəddəs və şərəfli xidmətdə uğurlar arzulayan nazir müqəddəs Qurban bayramının cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı özündə yaşatmaqla humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirdiyini vurğulayıb.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin həm sovet, həm də müstəqillik dönəmlərində ölkənin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi uca tutaraq adət və ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu daha da artıb. Azərbaycan dünyada islami bəşəri və milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır. Azərbaycan dövləti bu gün regionda sülhün, sabitliyin qorunmasının əsas təminatçısına çevrilib.
Müraciətdə bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu gündən-günə qüdrətlənir, dünyanın ən güclü orduları sırasında yer alır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Bu gün rəşadətli ordumuz işğaldan azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirməklə yenidənqurma-bərpa işlərinə və Böyük Qayıdışa layiqli töhfələr verməkdədir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman hərbi qulluqçularımızın ailələri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və probemlərinin həlli istiqamətində mühüm addımlar atılır.
“Hərbi anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz”, – deyə müdafiə nazirinin təbrikində bildirilib.
General-polkovnik Zakir Həsənov respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edib, onların valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularımı çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts