Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Tokio, 18 iyun , /AJMEDIA/

Moskvada gənc şairə Səidə Rəhimlinin “Yenə nağıl istəyirəm” (“Мне вновь хочется сказки”) adı kitabının təqdimatı keçirilib.

AJMEDIA xəbər verir ki, kitabı rus dilinə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvü, şair-tərcüməçi Afaq Şıxlı tərcümə edib.

Tədbiri gecənin təşkilatçısı, Moskva şəhəri Qərb bölməsi Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımov açaraq, Səidə Rəhimlinin yaradıcılığından danışıb.

Afaq Şıxlı isə öz çıxışında tərcümə işinin əhəmiyyətindən və məsuliyyətindən danışıb: “Tərcüməçi müəllifin ruhunu, açıqlamaq istədiyi mövzunu qoruyub saxlamaqla, müəllifi başqa dildə danışdırır. Tərcümənin gözəlliyi – onun unikallığı, orijinaldan əsla zəif olmamasıdır. Bir tənqidçinin dediyi kimi, tərcümə – tərcüməçinin avtoportretidir”.

A.Şıxlı vurğulayıb ki, qürbət ellərdə yazılan şeirlərin bambaşqa ab-havası olur: “Mühacir yazarların özgə bir fəlsəfəsi, əsərlərinin isə özgə bir çaları olur. Onlardan biri də Rusiya Federasiyasının Moskva şəhərində yaşayan, ilk kitabını məhz bu şəhərdə ərsəyə gətirən gənc şairə Səidə Rəhimlidir”.

Gecədə Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov, Azərbaycan diasporunun üzvləri – Həşim Əliyev, Validə Məmmədova, Leyla Fərəcova, Nəsibə Fərəcova, Nəzakət İbrahimova, Yaşar Süleymanlı, Abbas İlham, Ülviyyə Əzizova, Reyhanə Aslan, Rəşid Mədədzadə və başqaları həm kitabın müəllifi, həm də tərcüməçisi haqqında öz ürək sözlərini söyləyiblər.

Qiraətçilər Səidə Rəhimlinin Azərbaycan və rus dillərində şeirlərini səsləndiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts