Tokio, 25 oktyabr, /AJMEDIA/
Moskvada Azərbaycan Turizm Bürosu nümayəndəliyinin açılışı olub.
AJMEDIA xəbər verir ki, tədbirdə Rusiya və Azərbaycanın turizm sənayesinin aparıcı nümayəndələri, həmçinin tanınmış dövlət məmurları və sektor üzrə tərəfdaşlar iştirak ediblər. İştirakçılar arasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov, Moskva şəhər meriyasının Xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Vyaçeslav Manuylov, tanınmış iş adamı və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov da olublar.
Moskva ofisinin açılmasında əsas məqsəd Rusiyanın turizm təşkilatları ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını populyarlaşdırmaq, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.
Yeni nümayəndəlik marketinq və media kampaniyalarının koordinasiyasını həyata keçirəcək, tədbirlər təşkil edəcək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə olacaq. Bu turizm ofisinin müvafiq şirkətlər və dövlət idarələri ilə qarşılıqlı əlaqə yaratmaq üçün mühüm platformaya çevriləcəyi gözlənilir və bu, öz növbəsində, Rusiyadan Azərbaycana turist axınının artmasına kömək edəcək.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesində ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından Moskva nümayəndəliyinin açılmasının vacibliyini vurğulayıb. O qeyd edib: “Əminəm ki, Moskvada nümayəndəliyimizin fəaliyyətə başlaması iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı olacaq.
Təbii ki, ölkələrimiz arasında turizm əlaqələri ənənəvi xarakter daşıyır və onların inkişafının əsas stimulu dövlət başçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətlə bağlıdır”.
Nümayəndəliyin açılması iki ölkə arasında turizmin inkişafında mühüm addım olub və bu, tədbir zamanı xüsusi vurğulanıb. Tədbirin təntənəli hissəsində Rusiya ilə Azərbaycan arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Açılış mərasiminin sonunda qonaqlar turizm sahəsində ikitərəfli əlaqələrin gələcək inkişafı perspektivlərini müzakirə ediblər.
Hazırda “Azərbaycan Hava Yolları” QSC və Rusiyanın aviadaşıyıcıları Azərbaycanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirərək, iki ölkə arasında sabit hava hərəkətini təmin edir. 2024-cü ilin 9 ayında Azərbaycana 564 008 rusiyalı turist gəlib ki, bu da 18 faiz artım deməkdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur. Vizasız rejim, müntəzəm uçuşlar və turist axınının müsbət dinamikası gələcəkdə turistlərin sayının daha da artacağından xəbər verir.