Mixail Neyjmakov: COP29 çərçivəsində nüfuzlu beynəlxalq aktorların nümayəndələri arasında əhəmiyyətli danışıqlar aparıla bilər

Tokio, 1 iyun , /AJMEDIA/

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində Bakıda nüfuzlu beynəlxalq oyunçuların nümayəndələri arasında daha geniş gündəlik üzrə, o cümlədən qeyri-ictimai formatda bir sıra əhəmiyyətli danışıqlar aparıla bilər.

AJMEDIA xəbər verir ki, bunu rusiyalı siyasi şərhçi Mixail Neyjmakov bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi probleminin müzakirə edilməsi çox vaxt bir-biri ilə mürəkkəb münasibətlərdə olan dövlətlər arasında daha geniş məsələlər üzrə danışıqlarda “körpü” rolunu oynayır.

“Məsələn, Çin ilə dialoq qurmaq istəyən ABŞ nümayəndələrinin tez-tez bu mövzunu müzakirə etmək lazım olduğunu iddia etdiklərini xatırlaya bilərik. 2022-ci ilin oktyabrında ABŞ dövlət katibi Antoni Blinken qeyd edib ki, Pekin və Vaşinqtonun münasibətlərində bu mövzuda “əməkdaşlıq aspektləri” var. 2021-ci ildə ABŞ və Rusiya arasında qarşılıqlı əlaqə yaratmaq üçün edilən son cəhdlər çərçivəsində, yəni aralarındakı maksimum soyuqluq ərəfəsində, həmçinin digər məsələlərlə yanaşı, iqlim gündəliyinin müzakirəsinə də diqqət yetirilirdi. Diqqətəlayiqdir ki, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi elçisi vəzifəsini yaxın vaxtlara qədər, əvvəllər müxtəlif vaxtlarda dövlət katibi və Senatın Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri vəzifəsində işləyən, təcrübəli Con Kerri tutmuşdu”, – deyə o qeyd edib.

Qarşıdan gələn COP29-un əhəmiyyətindən danışan ekspert, həmçinin bir sıra nüfuzlu dövlətlər arasında çıxılmaz vəziyyətdə olan və ya nəzərəçarpacaq dərəcədə mürəkkəbləşmiş münasibətlərin şahidi olduğumuza da diqqət çəkib.

“Adi bir misal, Rusiya ilə Qərb oyunçularının indiki mərhələdə çoxlarının “Soyuq müharibə”nin ən problemli dövrləri ilə müqayisə etdiyi münasibətlərdir. Qərb oyunçuları ilə İran arasındakı ciddi ziddiyyətləri, həmçinin Fələstindəki münaqişəni də unutmayaq. Eyni zamanda, çoxları tərəfindən bu münaqişələrdən yorğunluq da qeyd olunur ki, bu da gələcəkdə 2024-2026-cı illərin ikinci yarısında böyük oyunçular arasında danışıqların aparıla biləcəyi neytral platformaların önəmini əhəmiyyətli dərəcədə artıra bilər. Aydındır ki, bu kəskin məsələlərdən hər hansı birində dialoqun intensivləşməsi halında danışıqlar üçün yerlərin rəqabəti müşahidə ediləcək. Ancaq bir problemlə bağlı bütün danışıqların yalnız bir platformada aparılacağı qəti deyil”, – deyə Mixail Neyjmakov vurğulayıb.

“Bu şəraitdə Azərbaycan iri beynəlxalq tədbirlərə (iqlim konfransına kimi) ev sahibliyi etməklə potensial danışıq platformaları və qlobal münaqişələr üzrə vasitəçilər arasında belə rəqabət çərçivəsində əlavə üstünlüklər əldə edir”, – deyə o, fikrini yekunlaşdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts