Misirin beynəlxalq əməkdaşlıq naziri: COP29-da fəal iştirakımızı səbirsizliklə gözləyirik

Tokio, 9 iyun , /AJMEDIA/

“Misirlə Azərbaycan arasında əlaqələr sıxdır, iki ölkə arasında bir çox sahələrdə perspektivli əməkdaşlıq sahələri mövcuddur. Buraya infrastruktur, neft-qaz, İKT və əczaçılıq sahələri daxildir. Biz qarşıdakı dövrdə bu sahələrdə daha sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.

AJMEDIA xəbər verir ki, bu sözləri Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşat deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfərinin nəticələrini səbirsizliklə gözlədiklərini vurğulayaraq deyib: “Həmçinin qeyd etdiyim sahələrdə, xüsusilə biznes sahəsində daha çox əməkdaşlıq etməyə ümid edirik”.

Nazir Azərbaycanla əməkdaşlığın digər çox vacib aspektinin COP ilə bağlı olduğunu bildirib: “Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edirik. Misir iki il əvvəl COP27-yə ev sahibliyi edib. İqlim dəyişikliyi sahəsində bir çox əməkdaşlıq sahələri, – məsələn, iqlimlə bağlı fəaliyyət üçün beynəlxalq ictimaiyyətdən maliyyənin necə səfərbər olunması, – mövcuddur”.

Xanım Raniyə Əl Maşat deyib ki, COP-a ev sahibliyi mühüm əhəmiyyət kəsb edir: “Bu, əhəmiyyətli bir cəhətdir. Çünki bu, ekologiyanı çirkləndirməyən ölkələrin nə qədər maliyyəyə ehtiyac duyduqlarını, beynəlxalq əməkdaşlığın tələb olunduğunu nümayiş etdirmək imkanı yaradır ki, hamımız iqlimlə bağlı qlobal məqsədlərə cavab verə bilək. Misirdə bununla bağlı bir çox sahələrdə araşdırma aparılıb. Düşünürəm ki, bu, COP29 ilə davam edəcək. İkincisi, ölkə platformalarıdır. Ölkə platformaları – burada ölkə öhdəlikləri, iqlim fəaliyyəti ilə bağlı istədiklərini bildirir və sonra biz ölkələrimiz üçün prioritet olan layihələri həyata keçirə bilməkdən ötrü güzəştli maliyyəni səfərbər etməyə çalışırıq. Beləliklə, beynəlxalq maliyyə qurumları, çoxtərəfli inkişaf bankları ilə necə işləmək, məqsədlərimizə çata biləcəyimizə əmin olmaq üçün birlikdə necə çalışmalı olduğumuzu müəyyənləşdiririk.

Biz COP29-da fəal iştirakımızı səbirsizliklə gözləyirik və Azərbaycan xalqını COP29-a ev sahibliyi etməsi münasibətilə bir daha təbrik edir və onlara bu çox mühüm konfransda uğurlar arzulayırıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts