Misirdə 5 min il əvvələ aid olan şərab dolçaları tapılıb

Tokio, 9 oktyabr , /AJMEDIA/

Misirin Sohaq əyalətindəki Abidos rayonunda yerləşən Um Əl-Qaab arxeoloji məkanında fironların birinci sülaləsinin nüfuzlu kraliçası Meret-Neithin məzarında çalışan Misir-Alman-Avstriya arxeoloji missiyası yeni kəşfə imza atıb. Belə ki, nekropolda 5 min il əvvələ aid olan açılmamış şərab dolçaları tapılıb.

AJMEDIA “Əl-Əhram” nəşrinə istinadla xəbər verir ki, Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri arxeoloji missiyanın bir neçə qəbir əşyası, habelə yüzlərlə böyük şərab dolçası tapdığını, onlardan bəzilərinin tıxacları və 5 min illik şərabın yaxşı qorunan qalıqlarını ehtiva etdiyini söyləyib. O əlavə edib ki, divarlarda aşkar olunan qədim yazılar Meret-Neithin mərkəzi hökumət idarələrinə rəhbərlik etdiyini göstərir ki, bu da onun həmin dövrdə əhəmiyyətli rolu nəzəriyyəsini təsdiqləyir.

Alman Arxeologiya İnstitutunun direktoru Ditrix Rau bildirib ki, Meret-Neith Misirin Abidosdakı ilk kral qəbiristanlığında öz monumental məzarı olan yeganə qadındır və yəqin ki, dövrünün ən güclü şəxsiyyətlərindən biri olub. O əlavə edib ki, son qazıntılar bu “unikal qadın və onun dövrü” haqqında yeni məlumatlar verib və Meret-Neithin Qədim Misirdə ilk qadın kraliça olması, beləliklə, 18-ci sülalədən olan Kraliça Hatşepsutdan əvvəl yaşaması ilə bağlı fərziyyələrin yaranmasına səbəb olub. “Onun əsl kimliyi hələ də sirr olaraq qalır”,-deyə alman arxeoloq vurğulayıb.

Arxeoloji missiyanın rəhbəri Kristina Köhlerin sözlərinə görə, Abidos səhrasında Meret-Neithin özünün, eləcə də 41 saray əyanının və qulluqçusunun məzarının daxil olduğu monumental türbə kompleksi bişməmiş çiy kərpicdən, palçıqdan və taxtadan tikilib. O əlavə edib ki, ehtiyatla tətbiq edilən qazıntı metodları və yeni arxeoloji texnologiyalar vasitəsilə arxeoloji missiya qəbirlərin nisbətən uzun müddət ərzində, mərhələlərlə tikildiyini müəyyən edib. “Bu müşahidə, digər sübutlarla birlikdə, birinci sülalədə insan qurbanı ayini ilə bağlı tez-tez gündəmə gələn, lakin sübut olunmamış ideyanın ətrafında mübahisələri artırır”, -deyə arxeoloq bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts