Milli Muğam Müsabiqəsi başa çatıb

Tokio, 30 aprel , /AJMEDIA/

Aprelin 30-da Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlanıb və onlar mükafatlandırılıblar.
AJMEDIA xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.
Əvvəlcə müsabiqənin münsiflər heyəti təqdim olunub.
Qeyd edilib ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev və Çinarə Heydərovadır.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə və Əməkdar artist Qəzənfər Abbasovdur.
Diqqətə çatdırılıb ki, musiqi yarışmasına yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edib. İlkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışıb. Müsabiqənin 1-ci turu aprelin 24-25-də, ikinci turu isə aprelin 26-da keçirilib. Bu gün isə müsabiqənin qalibləri elan olunacaq.
Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Milli Muğam Müsabiqəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, neçə gündür davam edən müsabiqə yeni istedadların üzə çıxmasına təkan verib.
Bildirib ki, qədim tarixə malik Azərbaycan muğam sənəti böyük inkişaf yolu keçib. Bu sənət neçə-neçə müqtədir sənət xiridarlarının böyük zəhməti, səyi nəticəsində bu günümüzə gəlib çıxıb. Bu gün müsabiqədə iştirak edən və qalib gələn gənclər bu estafeti onlardan qəbul edərək həm yaşadır, həm də gələcək nəsillərə ötürürlər.
“Müsabiqənin münsiflər heyətinin sədri kimi deyə bilərəm ki, çox maraqlı bir yarışma idi. Lakin təəssüf hissi ilə bildirirəm ki, müsabiqəyə bir nəfər də olsun nəfəsli alətlər üzrə ifaçı qatılmadı. Biz bunu çox gözləyirdik, ümidli idik ki, nəfəsli alətlərin ifaçıları da yarışmada iştirak edəcək, amma bu olmadı. Düşünürəm ki, növbəti müsabiqələrdə bu sahədəki boşluq tam doldurulacaq və onlar da iştirak edəcəklər”,- deyə Xalq artisti bildirib.
Siyavuş Kərimi müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.
Bütün qalibləri təbrik edən Xalq artisti onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İlk olaraq səhnəyə müsabiqənin diplomantları dəvət olunaraq mükafatlandırılıb.
Münsiflərin yekdil rəyinə əsasən, xanəndəlik üzrə müsabiqəsində birinci yerə Mirəli Sarızadə layiq görülüb. Xəyal Hüseynov 2-ci, Zümrüd Məmmədova və Daşqın Kürçaylı isə 3-cü yerləri tutublar.
İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli Əliyev və Soltan Nadirov layiq görülüblər.
Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanıb.
Milli Muğam Müsabiqəsinin qalibləri – xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Sonra qaliblər qala-konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts