Milli Məclisin növbəti plenar iclası keçirilib

Tokio, 24 fevral , /AJMEDIA/

Fevralın 23-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas keçirilib.

AJMEDIA xəbər verir ki, iclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonra parlamentin sədri Sahibə Qafarova iclasda 11 məsələnin müzakirə olunacağını, ilk iki məsələnin Milli Məclisin qərar layihələri olduğunu qeyd edib. Deyib ki, gündəliyin birinci məsələsi Prezidentin təqdimatına əsasən, Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ barədə məlumat verib. O, məsələyə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib.

Məsələ ilə bağlı Milli Məclisin qərar layihəsi qəbul olunub.

Fikrət Məmmədov iclasda çıxış edərək, Prezident İlham Əliyevə bu mühüm vəzifəyə onun namizədliyini verdiyinə görə dərin təşəkkürünü bildirib, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin andını səsləndirib.

İclasda iştirak edən ədliyyə nazirinin müavini Vilayət Zahirov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzə təqdim edib. O, ötən ildə yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər, Ədliyyə Nazirliyinin bələdiyyələrə inzibati nəzarəti həyata keçirmək və onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə icra olunan işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2023-cü ildə inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı 8 faiz artaraq ilk dəfə 100 mini keçib. Bu aktların 96 faizinin qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Ümumilikdə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3800-dən çox aktla bağlı qanunamüvafiq tədbirlər görülüb. Həmçinin bildirilib ki, ötən il 14 min hektardan çox torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib, bu da 2022-ci illə müqayisədə 1195 hektar çoxdur.

İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 30 halda ciddi qanun pozuntusu ilə bağlı toplanmış materiallar hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan artıq 15-i üzrə cinayət işi başlanılıb. 2023-cü ildə bələdiyyələrin 63 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Nazir müavini çıxışının sonunda vurğulayıb ki, ümumilikdə, 2023-cü ildə həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunub.

Sonra parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı komitənin rəyini təqdim edib.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Vüqar Bayramov çıxış edib, fikir və qeydlərini səsləndiriblər.

İclasda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzə nəzərə alınıb.

Sahibə Qafarova gündəliyin növbəti beş məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri barədə məlumat verilib. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova adları qeyd olunan hər iki qanuna əlavə heç bir təklifin olmadığını söyləyib.

Qanun layihəsi məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılması məqsədilə hazırlanıb.

İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov üçüncü məsələ barədə bu komitənin müsbət rəy verdiyini söyləyib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli üçüncü məsələ ilə bağlı bu komitənin də müsbət rəy verdiyini bildirib. O, habelə müzakirələr zamanı səsləndirilən bəzi fikirlərə aydınlıq gətirildiyini də qeyd edib.

Əli Hüseynli bununla yanaşı, gündəliyin dördüncü məsələsi barədə də fikirlərini açıqlayıb. Komitə sədri bildirib ki, layihədə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tətbiqi ilə bağlı uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulub.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu məsələ ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Daha sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi haqqında danışıb.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi barədə məlumat verib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məsələ ilə bağlı bu komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Sonra birinci oxunuşda olan Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Fəzail Ağamalı, Etibar Əliyev, Tahir Kərimli çıxış edib, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əli Hüseynli deputatların fikirlərinə münasibət bildirib.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts