Milli Məclis parlament diplomatiyasında innovativ üsullar tətbiq edir

Tokio, 22 may , /AJMEDIA/

Azərbaycan Respublikasının Milli Məclisi parlament diplomatiyasında innovativ üsullar tətbiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, xüsusən də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması Milli Məclisin fəaliyyətində xüsusi yer tutur. Azərbaycan dövlətinin xarici siyasət kursunun parlament müstəvisində innovativ üsullarla irəliyə aparılması günün tələbidir və bu istiqamətdə işin daha da səmərəli aparılmasına imkan yaradır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərdən sonra bölgədə yaranan yeni reallıqlar beynəlxalq fəaliyyət üçün yeni yanaşmaların da olmasını vacib edir. Bu xüsusda Azərbaycanın Milli Məclisi “Baku Network” ekspertlər platformasının imkanlarından da istifadə edərək parlament diplomatiyasını yeni vektor üzrə inkişaf etdirir. Məqsəd parlament diplomatiyasını effektiv istiqamətlər üzrə daha da genişləndirmək, deputatların dünyada baş verən geosiyasi və geoiqtisadi proseslərdə Azərbaycanın mövqeyini səsləndirməsi üçün yeni müstəvidə fəaliyyətini təşkil etməkdir. Deputatların öz həmkarları ilə telekörpü formatında debatlar aparması üçün imkanlar yaradılır; tanınmış siyasi xadimlərin, nüfuzlu şəxslərin iştirakı ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Nümunə olaraq, artıq Milli Məclis və “Baku Network”ün əməkdaşlığı nəticəsində, azərbaycanlı deputatların Avropa Parlamentinin deputatları ilə çoxsaylı debatları baş tutub.

Qeyd edək ki, ilk dəfə olaraq Strasburq şəhərində Avropa Parlamentinin binasında azərbaycanlı və avropalı deputatların iştirakı ilə dəyirmi masa təşkil edilib. Müzakirələrdə Azərbaycan Milli Məclisinin deputatları Tural Gəncəliyev, Sevil Mikayılova və Nurlan Həsənov, həmçinin Avropa Parlamentinin Polşadan olan deputatı Riçard Çarnetski iştirak ediblər. Təqdirəlayiqdir ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi önəmli töhfə, Orta dəhlizin misilsiz əhəmiyyəti və digər aktual məsələlər, birgə iqtisadi layihələrin icrasının hazırki dinamikası Avropa Parlamenti müstəvisində səsləndirilib.

Gələcəkdə Milli Məclis və Baku Network əməkdaşlığı çərçivəsində azərbaycanlı parlamentarilərin öz xarici həmkarları ilə parlament binasından telekörpülərinin təşkil edilməsi, eləcə də xarici ölkələrdə dünyanın aparıcı “think-tank”ləri ilə dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts