Tokio, 8 sentyabr , /AJMEDIA/
Tanınmış avar şair, yazıçı, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Rəsul Həmzətov – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub.
AJMEDIA xəbər verir ki, virtual sərgidə fotolar, Rəsul Həmzətovun müəllifi olduğu kitablar, həmçinin haqqında Azərbaycan və rus dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə olunan kitablar, ədibin əsərlərinə bəstələnmiş not məcmuələri, tərcümə etdiyi, eyni zamanda ön söz yazdığı kitablar və s. materiallar nümayiş olunur.
Virtual sərgi ilə http://anl.az/el/vsb/Resul_Hemzetov/index.htm linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, 1923-cü il sentyabrın 8-də Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açan Rəsul Həmzətovun ilk müəllimi atası olub. R.Həmzətov ilk şeirini 11 yaşında olarkən yazıb. O, orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1943-cü ildə ilk şeirlər toplusu olan “Sevgi məşəli və acı ədavət” çap edilib. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. 1947-ci ildə isə onun rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. R.Həmzətov Dağıstanın Xalq şairi, Sosialist Qəhrəmanı adlarına, eləcə də Lenin Mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos Mükafatına layiq görülüb. O, Dağıstan şairi olsa da, orada böyüyüb başa çatsa da, Azərbaycana çox bağlı olub.
Rəsul Həmzətov 2003-cü il noyabrın 3-də vəfat edib.