Milli Gimnastika Arenasında növbəti təlim-məşq toplanışı start götürüb

Tokio, 24 yanvar , /AJMEDIA/

Milli Gimnastika Arenasının məşq zalı bu dəfə Zirə Mədəniyyət Mərkəzi və Naxçıvan Muxtar Respublikası Stadionunun bədii gimnastika bölməsinin üzvlərinin ixtiyarına verilib.

AJMEDIA xəbər verir ki, hazırlığın əsas məqsədi regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların fiziki cəhətdən yerli və beynəlxalq yarışlara hazırlıqlarının gücləndirilməsidir.

Dörd gimnastın iştirakı ilə təşkil olunan təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa, lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətlərini yerinə yetiriblər.

Naxçıvanda bədii gimnastika üzrə məşqçi Ləman Qafarova bildirib ki, yığma artıq ikinci dəfədir Bakıda təlim-məşq toplanışına dəvət olunur. Onun sözlərinə görə, hazırlıqlar həm idmançılar, həm də məşqçilər üçün faydalıdır: “Məşqlərin mütəmadi olaraq təşkil olunması gimnastların beynəlxalq və yerli yarışlarda uğurlarının artmasına kömək edəcək”.

Zirə Mədəniyyət Mərkəzinin məşqçisi Naziləxanım Fərəcova isə deyib ki, keçirilən toplanışların sayəsində gimnastların ikisi milli komandaya cəlb olunub.

Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi bu layihə təkcə Bakıdan mütəxəssislərin rayonlara səfərləri və master-klasların təşkilini deyil, həm də ölkənin müxtəlif bölgələrindən perspektivli idmançıların paytaxta toplanışa dəvət olunmasını nəzərdə tutur.

Gimnastikanın inkişafı çərçivəsində bölgə gimnastları mütəmadi olaraq Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər. Bundan əvvəl Gəncə, Masallı, Lənkəran, Mingəçevir, Kürdəmir, Şirvan, Qax və Zaqatala Olimpiya İdman Komplekslərinin bədii gimnastları Milli Gimnastika Arenasının qonağı olublar.

Qeyd edək ki, bədii gimnastika bölmələri Zirə Mədəniyyət Mərkəzində 2015-ci, Naxçıvan Muxtar Respublikası Stadionunda isə 2016-cı ildən fəaliyyət göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts