Tokio, 03 iyul, /AJMEDIA/
Milli Aviasiya Akademiyası (MAA) ilə Ədliyyə Nazirliyi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu Akademiyanın rektoru, akademik Arif Paşayev və ədliyyə naziri Fərid Əhmədov imzalayıblar.
Akademiyadan AJMEDIA-ya bildirilib ki, sazişdə MAA-nın hüquqşünaslıq ixtisası üzrə təhsil alanların Ədliyyə Nazirliyinin struktur bölmələrində təcrübə keçmələri, könüllülər qismində işlə təmin olunmaları və digər məsələlər qeyd edilib.
Görüşdə akademik Arif Paşayev və nazir Fərid Əhmədov tərəfindən MAA-nın “İqtisadiyyat və hüquq” fakültəsinin tələbələri – Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində (“Leiden-Sarin International Air Law Moot Court Competition”) yarımfinala yüksəlmiş Amal Qorxmaz oğlu Əhmədova, İlahə Azər qızı Səmədovaya və Rəsul Rövşən oğlu Əliyevə, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil olunmuş “DİVAN” Milli Məhkəmə Simulyasiyasında l yerə layiq görülmüş Həmayil Qismət qızı Sadıqovaya, bundan əlavə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr olunmuş “Vergilər” mövzusunda keçirilmiş Ümumrespublika olimpiadasında III yerə layiq görülmüş Həliməxatun Elnur qızı İsmayılovaya təşəkkürnamələr təqdim olunub.