Meksika mətbuatında Ermənistan tərəfinin böhtanları ifşa edilib

Tokio, 28 oktyabr , /AJMEDIA/

Meksikanın aparıcı mətbu orqanlarından olan “Excelsior” qəzetində səfir Məmməd Talıbovun Ermənistanın böhtan xarakterli məlumatlarına cavab müsahibəsi dərc olunub.
AJMEDIA xəbər verir ki, müsahibədə ilk olaraq səfir M.Talıbov Ermənistan səfiri Armella Şəkəryanın münaqişə ilə bağlı reallıqları təhrif edərək meksikalı oxucuları aldatmağa çalışdığını qeyd edib.
Məqalədə Ermənistanın 30 il ərzində beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadan Azərbaycanın 20 faiz ərazisini qanunsuz işğal etməsi, bu ərazidəki şəhər və kəndlərin Ermənistan hərbi qüvvələri tərəfindən tamamilə dağıdılaraq talan edilməsi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra da Ermənistan tərəfindən ərazilərin kütləvi şəkildə minalanması və 250-yə yaxın mülki şəxsin, o cümlədən iki jurnalistin bu minalanmanın qurbanı olması barədə məlumat verilib.
Yazıda, həmçinin Azərbaycanın bu ilin sonunadək sülh sazişi imzalamağa hazır olduğu, bunun üçün isə Ermənistanın bu kimi əsassız ittihamlardan əl çəkməli, 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu qeyd olunub.
Müsahibədə vurğulanır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfindən bu günə qədər törədilmiş saysız hesabsız müharibə cinayətlərinin, o cümlədən onlarla mülki şəxsin ölümü ilə nəticələnən Gəncə, Bərdə və Tərtər şəhərlərinin ballistik raket və kaset bombalarla atəşə tutulması ilə bağlı cinayətlərin araşdırılması ilə əlaqədar heç bir tədbir görülməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts