Tokio, 30 yanvar , /AJMEDIA/
Yanvarın 30-da Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin Ali Məhkəməsinin sədri xanım Martha K. Koome ilə görüşüb.
Ölkəmizin Keniyadakı səfirliyindən AJMEDIA-ya bildiriblər ki, Ali Məhkəmənin sədri Martha K. Koome 2023-cü ildə Azərbaycanın Keniyada səfirliyinin təsis olunmasının əhəmiyyətini bildirib, diplomata fəaliyyətində uğurlar arzulayıb.
Sultan Hacıyev çıxışında Azərbaycanın dövlətçilik tarixi, müstəqillik dövründə qazandığı nailiyyətlər, 2020-ci ildə şanlı Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması haqqında məlumat verib. Qeyd edib ki, ölkəmiz postmünaqişə dövründə ərazilərdə bərpa, yenidənqurma və minatəmizləmə üzrə genişmiqyaslı işlər aparmaqdadır.
Bildirilib ki, Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərin ev sahibliyini üzərinə götürüb. Belə ki, ölkəmiz bu il COP29-un, 2026-cı ildə WUF13-ün ev sahibidir. Həmçinin səfir Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin üzv dövlətlərlə birlikdə Hərəkatın fəaliyyətinə verdiyi töhfələr barədə məlumat verib.
S.Hacıyev diqqətə çatdırıb ki, cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd olunması dinamik inkişaf edən əlaqələrin daha da möhkəmlənməsi üçün münbit zəmin yaradır və bu, digər sahələrlə bərabər, məhkəmələr arasında faydalı əməkdaşlığın qurulması üçün fürsət ola bilər.
Ali Məhkəmənin sədri Martha K. Koome qeyd edib ki, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasında, xüsusilə Azərbaycanın məhkəmə proseslərinin rəqəmsallaşdırılması üzrə təcrübəsi ilə tanış olmaqda maraqlıdır. O, Keniya Ali Məhkəməsinin xarici əməkdaşlıq əlaqələri barədə məlumat verib və tərəfdaşlıq imkanlarının yaxından öyrənilməsi üçün müxtəlif birgə təşəbbüslərin, o cümlədən qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.