Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tokio, 29 iyun , /AJMEDIA/

Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”nin dəstəyi ilə azərbaycanlı alim Sərdar Yusubovun “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib.

AJMEDIA xəbər verir ki, təqdimat mərasimində “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov professor Sərdar Yusubovun həyatı və elmi yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, Sərdar Yusubov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra Azərbaycanın Laçın rayonunda orta məktəbdə tarix müəllimi işləyib. Sonra o, Marneulinin orta məktəblərində və İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetinin Marneuli filialında tarix fənindən dərs deyib. 2016-2020-ci illərdə Yakob Qoqebaşvili adına Telavi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edib. Pedaqoji fəaliyyəti ərzində qabaqcıl təcrübəyə əsaslanaraq “Müasir təlim texnologiyaları” adlı tədris vəsaitini tərtib edib. Etnopedaqogika elm sahəsi üzrə ilk mütəxəssisdir.

Sonra professor Sərdar Yusubov kitab haqqında məlumat verib. O bildirib ki, kitabda müasir elmin və pedaqoji təcrübənin nailiyyətləri əsasında təlimin təkmilləşdirilməsinin nəzəri əsasları geniş planda təqdim olunub. Vəsait yeni mövzuları dünya pedaqoji prosesindəki innovasiyaları əks etdirən müasir təlim texnologiyaları ilə zənginləşdirir.

Bu vəsait pedaqoji universitetin məzunları, magistrantlar, doktorantlar, ümumi təhsil müəssisələrinin müəllimləri və ali məktəblərin pedaqoji fakültələrinin təcrübəçi müəllimləri üçün nəzərdə tutulub.

Gürcüstanın Təhsil və Elm Nazirliyinin müvafiq qərarı ilə tədris vəsaitinə rəy verilib və onun təhsil müəssisələrində istifadə olunması tövsiyə edilib.

Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Ketevan Vardanişvili, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə, iqtisadiyyat üzrə fəlsəfə doktoru Tacəddin Quliyev və başqaları çıxış edərək bildiriblər ki, kitab şagird və tələbələrin müasir təlim texnologiyalarından faydalanmasında mühüm rol oynayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts