Tokio, 2 noyabr, /AJMEDIA/
Malayziyanın Azərbaycandakı səfirliyi “Malayziyadan görünən Şuşa” filminin ingilis dilində subtitrlərlə təqdimatını keçirib.
AJMEDIA xəbər verir ki, film Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən hazırlanıb.
Ötən il İslam Dünyası Mədəniyyət Nazirlərinin Dohada keçirilən 12-ci konfransında Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bunu nəzərə alan “Sönməz Məşəl” İctimai Birliyi bu ilin iyun ayında Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Şuşa mədəniyyəti günləri təşkil edib. Mədəniyyət günləri çərçivəsində Kuala Lumpur Şəhər İncəsənət Qalereyasında Azərbaycan rəssamlarının Qarabağ və Şuşa mövzusunda çəkdiyi rəsmlərdən ibarət sərgi təşkil edilib, Şuşanın yaranma tarixi barədə bədii-sənədli film nümayiş olunub. Bütün bunlarla yanaşı Qarabağ musiqisinin sədaları altında malayziyalılara Şuşa mətbəxinin nümunələri təqdim edilib.
Malayziyanın Azərbaycandakı səfirliyi öz ölkəsində Şuşa tarixinin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, həmin tədbirlər əsasında çəkilmiş filmin Azərbaycan xalqının Zəfər bayramı ərəfəsində təqdimatının keçirilməsini qərara alıb.
Filmin təqdimat mərasimində Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza bu barədə bəhs edib.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva filmin ərsəyə gəlməsi tarixindən danışıb.
“Malayziyadan görünən Şuşa” filminin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Elçin Qasımovdur.