Malayziyadakı səfirliyimiz Azərbaycan icması ilə birgə Anım Gününü qeyd edib

Tokio, 29 Sentyabr, /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə səfirliyin akkreditə olunduğu Malayziya, Tailand Krallığı, Bruney-Darüssalam və Myanma İttifaqı Respublikasında yaşayan həmvətənlərimizlə videokonfrans formatında görüş keçirilib.

AJMEDIA xəbər verir ki, tədbir 27 Sentyabr – Anım Gününə həsr olunub.

Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən bəhs edib. Azərbaycanın mərd oğul və qızlarının tarix boyunca vətənin keşiyində duraraq, böyük qəhrəmanlıqlar göstərdiyini bildirib. O, xalqımızın övladları arasında güclü birlik və həmrəyliyin olduğunu, müharibənin Azərbaycan vətəndaşlarının məğrurluğunu və əzmini növbəti dəfə dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Belə peşəkar, müasir və misilsiz qəhrəmanlıqlar göstərən Ordunun yaradılmasının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsi olduğunu qeyd edən səfir İ.Davudov dövlətimizin başçısının Anım Günü ilə əlaqədar xalqa müraciətinə diqqət çəkib. Burada qeyd olunan məqamların hər bir azərbaycanlı üçün önəm daşıdığını, milli Zəfərimizin hansı fədakarlıqlar bahasına başa gəldiyini göstərdiyini ifadə edib.

Sonra söz icma nümayəndələrinə verilib. Bu şərəfli günlə əlaqədar keçirdikləri hissləri bölüşən həmvətənlərimiz Azərbaycanın daxildə və xaricdə atdığı hər bir uğurlu addımın, o cümlədən ərazi bütövlüyünün və işğal edilmiş torpaqlarda dövlət suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsi Zəfərinin dünya azərbaycanlılarına əvəzsiz sevinc və qürur hissi bəxş etdiyini vurğulayıblar.

Tailand Krallığında yaşayan həmvətənlərimizdən Vüsalə Qasımlının düşmən işğalından azad edilmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə bu yaxınlarda etdiyi səfər barədə danışdığı təəssüratlar tədbir iştirakçılarını mütəəssir edib. V.Qasımlı qeyd edib ki, coğrafi relyefi əlverişsiz olan yerləri Silahlı Qüvvələrimizin qəhrəmancasına azad etdiyini yerində görmək sadəcə Milli Ordumuzun peşəkarlığına heyranlıq yaratmır, eyni zamanda, xalqımızın öz amalı uğrunda necə dönməz olduğunu, inamını və əzmini göstərir.

Kuala Lumpur şəhərində təhsil alan gənc soydaşlarımızdan Elxan Qəhrəmanlı isə Azərbaycanın Müzəffər Ali Baş Komandanı və məğlubedilməz Ordusu ilə qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsində iştirak edən ailə üzvlərinin xatirələrindən danışıb.

Tədbirin sonunda səfir İ.Davudov iştirakçılara təşəkkür edərək, yaşadığı ölkələrin yaxınlığından-uzaqlığından asılı olmayaraq bu gün bütün həmvətənlərimizi bir amalın – azərbaycançılıq amalının birləşdirdiyini qeyd edib. Bu unudulmaz tarixin gələcək nəsillərə layiqincə çatdırılması üçün hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts