Maksim Şevçenko: Prezident İlham Əliyev özündə yüksək diplomatiyanın ən yaxşı keyfiyyətlərini birləşdirir

Tokio, 27 may , /AJMEDIA/

Ədalətin bərpa olunması (mən hər şeydən əvvəl Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və didərgin düşmüş əhalinin qaytarılması imkanını nəzərdə tuturam), azərbaycanlılar və ermənilər arasında sülhün yenidən bərqərar olması prosesinin başlanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, bütün Azərbaycan xalqının böyük xidmətidir.
AJMEDIA xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən rusiyalı jurnalist, siyasi və ictimai xadim Maksim Şevçenko söyləyib.
M.Şevçenko əlavə edib: “28 May təkcə Azərbaycan xalqı deyil, həm də bütün dünya üçün əlamətdar tarixdir. Bir rus insanı kimi, bu tarix mənim üçün də mühümdür. Allah Müqəddəs Qurani-Kərimdə buyurub: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəmdən və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. Qafqazda sülh və sakitliyin olması o deməkdir ki, rus insanın qəlbində də sülh və sakitlik olacaq”.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünü şərh edən M.Şevçenko qeyd edib: “Prezident İlham Əliyev özündə yüksək diplomatiyanın ən yaxşı keyfiyyətlərini birləşdirir. Bu keyfiyyətlər müxtəlif etnik mənşəyə mənsub insanların, çoxlu xanlıqların bir-biri ilə həmişə ümumi dil tapdığı Azərbaycanın qədim mədəniyyətinin, Azərbaycan sivilizasiyasının dərinliklərindən, onun atası Heydər Əliyevin şəxsiyyətindən, sənin həqiqətin və ədalətin tərəfində olduğun və sadəcə tələsmədən bu yolla irlələməyin lazım olması anlayışından irəli gəlir. İlham Heydər oğlu bütün bunları həyata keçirir və bizim hamımıza örnək olur”.
Rusiyalı jurnalistin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla başa çatması bir çox hallarda Türkiyədə keçirilən seçkilərin nəticələrindən asılıdır. O deyib: “Ərdoğan qələbə qazanarsa, ümidvaram ki, bu belə də olacaq, onda sülh prosesi böyük addımlarla irəliləyəcək. Türkiyə Prezidenti böyük siyasətçi, Azərbaycan xalqının dostudur. O, bunu ən ağır məqamlarda nümayiş etdirib. Onun Ukrayna ilə bağlı mövqeyi də çox mühümdür. Onun rəqibinin qalib gələcəyi təqdirdə, hesab edirəm ki, müharibəyə aparan yol açılacaq”.
Politoloq vurğulayıb ki, Rusiyanın Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı mövqeyini tam dəstəkləyir. “Mən Rusiyanın Ukrayna ilə bağlı mövqeyini tənqid edirəm, lakin onun Cənubi Qafqaz siyasətini tam dəstəkləyirəm. Rusiya Prezidentinin mövqeyi ondan ibarətdir ki, Qarabağ Azərbaycandır. Moskva Ermənistan rəhbərliyini sərhədlərin delimitasiyasına, sülh prosesinə sövq edir və bu istiqamətdə Nikol Paşinyanı dəstəkləyir. Başa düşürəm ki, Paşinyan böyük təzyiq altındadır. Dünyaya səpələnmiş bütün erməni qruplarının – Kaliforniya, Paris, Moskvanın Zubov bulvarında yaşayan ermənilərin cəmi bir milyondan çox əhalisi olan balaca Ermənistan dövlətinin taleyi ilə bağlı xüsusi mülahizələri var. Onlar düşünürlər ki, Ermənistanda necə yaşamaq lazım olduğunu bilirlər. Lakin Sevan gölünün ətrafında yaşayan ermənilər “Qarabağ Azərbaycandır” deyən Paşinyanı seçirlər. Krasnodarda anadan olmuş Marqarita Simonyanın bununla nə əlaqəsi var? Hesab edirəm ki, bu məsələ yalnız Ermənistan Respublikasının vətəndaşlarına aiddir və onlar Azərbaycanla sülhün olmasında real şəkildə maraqlıdır. Ermənistan xalqı bunu müharibədən sonra – 2020-ci ildə keçirilən seçkilərdə də sübut etdi. Hamı düşünürdü ki, Paşinyanın sonu çatıb, amma müharibə partiyalarının – Sarkisyan və Köçəryanın sonu gəldi”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts