Tokio, 5 fevral, /AJMEDIA/
AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) böyük Azərbaycan mütəfəkkiri, riyaziyyatçı və astronom Nəsirəddin Tusinin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.
AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə əvvəlcə Nəsirəddin Tusinin “Əsasül-iqtibas” (“Məntiq kitabı”) əsəri haqqında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Cəbr və riyazi məntiq şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Əli Babayev çıxış edib. O bildirib ki, Nəsirəddin Tusinin fars dilində yazılmış “Əsasül-iqtibas” əsəri məntiq elmi üzrə yazılmış ən mükəmməl kitablardan hesab olunur. Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan riyazi irsinin tədqiqi şöbəsinin fəaliyyətə başlamasından sonra N.Tusi irsinin araşdırılması istiqamətində bir sıra fundamental işlər görülüb, alimin bir neçə əsəri dilimizə tərcümə edilib. Bu kitablar riyaziyyat, astronomiya, məntiq və digər elmlərə aid olduğu üçün fars və ərəb dilləri üzrə tərcüməçilər ilə yanaşı mütəxəssislərin də xidmətindən istifadə edilib.
Əli Babayev qeyd edib ki, Tusinin riyaziyyata verdiyi ən böyük töhfə alimin müsbət həqiqi ədədə tərif verməsidir. Nəsirəddin Tusi kimi dahi şəxsiyyətin əsərlərini araşdırmaq çətin olsa da qürurvericidir.
MEK-in baş direktoru professor Məmməd Əliyev Azərbaycanın hər zaman ensiklopedik biliyə malik tarixi şəxsiyyətlər yetişdirdiyini deyib, N.Tusinin bu şəxsiyyətlər arasında xüsusi yerə malik olduğunu, dərin fəlsəfi bilik sahibi kimi elmdə böyük uğurlara imza atdığını bildirib.
M.Əliyev “Əsasül-iqtibas” əsərinin gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunaraq bu istiqamətdə aparılan araşdırmaların böyük tarixi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin baş müəllimi Əli Rzazadə Qərb və Şərqin N.Tusi yaradıcılığına olan münasibətindəki fərqlərdən bəhs edib. O, Qərb tədqiqatçılarının Tusini yanlış olaraq “ateist” kimi təqdim etdiyini bildirib. Qeyd edib ki, böyük mütəfəkkir əsərlərində təkamül dedikdə insanın mənəvi təkamülünü nəzərdə tutub, hər zaman mənəvi dəyərlərə sadiq olub.
AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri dosent Ələddin Məlikov “Əsasül-iqtibas” əsəri haqqında bəzi qeydlərini təqdim edərək dahi alimin elmdə ərsəyə gətirdiyi yenilikləri aşkara çıxarmağın vacibliyindən danışıb. O, Tusinin “Əsasül-iqtibas” əsərinin məntiq elmində yeri və rolu haqqında məlumat verib, bu əsərin Tusinin məntiqə dair yazdığı 5 əsas əsərindən biri olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, “Əsasüll-iqtibas” bu əsərlər içərisində Aristotel məntiqini özündə əks etdirən ən sanballı kitabdır.
Ələddin Məlikov Tusinin “Əsasül-iqtibas”ı ərsəyə gətirərkən o dövrün tanınmış bütün məntiq kitablarına dərindən yiyələndiyini deyib, bu əsərin dünya klassik və riyazi məntiq əsərləri sırasında da xüsusi yeri olduğunu vurğulayıb.