“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir keçirildi

Tokio, 8 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının informasiya dəstəyi və xeyriyyəçi Hacı İntiqam Atayevin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir təşkil edildi.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yazıçı-jurnalist, Türkaz TV-nin baş redaktoru Südabə Sərvi tədbiri açaraq qeyd etdi ki, Heydər Əliyev mədəniyyətə, ədəbiyyata, incəsənətə və digər sahələrə böyük dəyər verirdi. O, Heydər Əliyevin həyat və fəaliyyətindən, onunla bağlı söylənilən xatirələrdən danışdıqdan sonra sözü tədbir iştirakçılarına verdi.
Tədbirdə çıxış edən Buzovna məscidinin axundu Hacı Soltan qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev dünya miqyasında tanınan və sevilən bir şəxsiyyət, türk dünyasının fəxri idi. Ümummilli Liderin dahiliyi onun savadında, elmində və imanında idi. Ulu Öndər hər bir sahənin mütəxəssislərinə məsləhətlər verirdi. Bu, insanın dahiliyinin göstəricisi idi. Heydər Əliyev Bibiheybət məscidini əsaslı təmir etdirdi. Ulu Öndər hər bir sahəyə diqqətlə yanaşırdı. O, çox sadə insan idi. Biz ondan Buzovnadakı 100 yaşlı məscidi bərpa etməyi xahiş etdik. Üç ilə məscid bərpa olundu.
Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi Lətifə Məmmədova “Heydər Əliyev və mədəniyyət” mövzusunda çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin digər sahələrdə olduğu kimi mədəniyyət, incəsənət, musiqi, teatr, kino sahələrindəki xidmətləri də misilsizdir. L.Məmmədova 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi zaman Heydər Əliyev incəsənətin və mədəniyyətin inkişafına xüsusi önəm verərək Azərbaycanda baletin inkişafı üçün şərait yaradıldığından danışdı. O qeyd etdi ki, Heydər Əliyevin tariximizə, mədəniyyətimizə olan yüksək ehtiramın rəmzi kimi Bakının ən görkəmli yerlərində Nəsiminin, Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Nəriman Nərimanovun, Məşədi Əzizbəyovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və başqalarının heykəlləri ucaldılmışdır, Heydər Əliyevin təşəbbüsü ilə Bakıda və Azərbaycanın bir sıra şəhərlərində ev-muzeyləri yaradılmışdır.
Tədbirdə AYB-nin və AJB-nin üzvü, 8 kitabın müəllifi, yazıçı Kərim Salahnurlu çıxış edərək qeyd etdi ki, cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısı oldu. O, “Qorxuram” rədifli şeirinin son bəndində Heydər Əliyevə xitab etdiyini söylərək şeiri səsləndirdi: “… Heydər ata öz taxtına dönməsə, Qarabağın taleyindən qorxuram”. O qeyd etdi ki, Ulu Öndər xalqın xilaskarı, qəhrəmanı idi və şeirlərimin bir çoxunu Ulu Öndərə həsr etmişəm.
Tədbirdə cavidşünas Həmid Cəfərov çıxış edərək dedi: “Ulu Öndər dayaqsızlıların dayağı idi. Ulu Öndər bir çox şairləri, yazıçıları həbsdən xilas etdi”. H.Cəfərov Ulu Öndərin göstərişilə Hüseyn Cavidin Sibirin İrkutsk vilayətindən qalıqlarının Naxçıvana gətirildiyindən danışdı. O bildirdi ki, H.Cavidin məzarının Vətənə qayıtması mədəniyyətimiz üçün böyük hadisə idi.
Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov Ulu Öndərlə bağlı xatirələrini bölüşdü və qeyd etdi ki, böyük öndərlə dörd dəfə görüşüb.
Yazıçı Kənan Hacı çıxışında Ulu Öndər Heydər Əliyevlə birgə tədbirlərdə iştirak etməyin qürurverici olduğunu vurğuladı. O qeyd etdi ki, Ümummilli Lideri çox yaxından və müxtəlif situasiyalarda müşahidə edib, onun mədəni irsimizə, ədəbiyyatımıza olan diqqətinin, qayğısının canlı şahidi olub. Kənan Hacı bildirdi ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi nəhəng bir şəxsiyyəti olub. O, Azərbaycançılıq məfkurəsinin banisinin Heydər Əliyev olduğunu və bizim də həmin ideyaların davamçısı olduğumuzu vurğuladı.
Tədbirdə şair Əlixan Ziya Heydər Əliyevə həsr etdiyi “Heydər” və “Heyif ki, getdin” şeirlərini söylədi.
Nazlı Cəlilova bu tədbirdə əməyi keçən hər kəsə təşəkkür etdi və Ulu Öndərə həsr etdiyi “Ulu Öndər, Şuşa azad olan gün” şeirini söylədi.
Tədbirin bədii hissəsində tarda Əməkdar artist Nurəddin Salmanov, kamançada ustad sənətkar Əlibəndə Əliyev, nağarada Tahir Əliyevin müşayiəti ilə xanəndələr Ziba Hüseynova, Natəvan Hüseynova, Əsmər Məmmədova, Tahir Salmanov, Ramin Bayramov və digərləri muğamlar ifa etdilər. Ziba Hüseynova Ulu Öndərə həsr etdiyi şeirini də səhnədə səsləndirdi.
Tədbirdə 236 №-li və 237 №-li məktəblərin şagirdləri Ulu Öndərə həsr edilmiş şeirlər söylədilər və Yasamal rayon MKS-nin hazırladığı “Ulu Öndər Heydər Əliyev və mədəniyyət: aforizmə çevrilmiş kəlamlar” adlı videoçarx nümayiş edildi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts