Mədəniyyət və İncəsənət Universiteti: təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Tokio, 28 iyul , /AJMEDIA/

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2022/2023-cü tədris ilində müəyyən ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.
ADMİU-dan AJMEDIA-ya bildirilib ki, sənəd qəbulu sentyabrın 1-dək aparılır. Qəbul aktyor sənəti, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq), dizayn (geyim dizaynı, interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn), instrumental ifaçılıq (fortepiano, skripka, viola (alt), gitara, klarnet, saksofon, zərb alətləri), xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban), musiqişünaslıq, muzey, arxiv işi və abidələrin qorunması, operator sənəti, populyar musiqi və caz ifaçılığı (estrada sənəti), qrafika, rejissorluq, rəngkarlıq, sənətşünaslıq (sahələr üzrə), təsviri sənətin tarixi və nəzəriyyəsi, teatrşünaslıq, kinoşünaslıq, vokal sənəti (xanəndə), musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, kitabxanaçılıq və informasiya fəaliyyəti, sosiologiya, sosial iş, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisasları üzrə aparılır. Tədris Azərbaycan və rus dillərindədir.
ADMİU-da təkrar ali təhsil almaq istəyənlər sənədləri şəxsən təqdim etməli və ya elektron (skan edilmiş PDF formatında) qaydada elavatahsil@admiu.edu.az ünvanına göndərməlidir. Ərizə formasını ADMİU-nun saytındakı link vasitəsilə yükləmək olar.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Təkrar ali təhsil haqqında ətraflı məlumat ADMİU-nun saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts