Tokio, 9 noyabr, /AJMEDIA/
Bütün dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik edirəm. Qarabağın vətənə qovuşmasının sevincini doğma Azərbaycanın ərazi bütövlüyü, Qarabağın qaytarılması uğrunda canlarını fəda edərək bizi tərk edənlərin kədəri ilə birlikdə yaşayırıq. Bu gün onlar haqqında düşünürük.
Bu barədə AJMEDIA-ya Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.
“Bu gün biz müasir Azərbaycanın böyük bayramlarından birini qeyd edirik. İllər keçəcək və bizdən sonra da bu bayram qeyd olunacaq. Qardaşım, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin öz ölkəsi naminə etdiklərini qiymətləndirməmək mümkün deyil. O, atası, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ən mühüm vəsiyyətini yerinə yetirərək Qarabağı vətənə qaytardı”, -deyə rusiyalı siyasətçi qeyd edib.
Deputatın sözlərinə görə, Azərbaycanın Qələbəsinin şərtlərindən biri də ölkənin böyük sosial-iqtisadi və hərbi potensialı olub: “Azərbaycan yoxsulluğa qarşı mübarizədə qalib gəlib, enerji cəhətdən müstəqil ölkəyə çevrilib. Azərbaycanda COP, Bakı Humanitar Forumu və digər qlobalmiqyaslı mühüm tədbirlər keçirilir. Bu tədbirlər minlərlə insanı Azərbaycana cəlb edir”.
Slutski vurğulayıb ki, Azərbaycanı indi ölkənin tərkibində olan Qarabağın iqtisadi və sosial potensialının bərpası illəri gözləyir. “Rusiya Qarabağ bölgəsində mühüm infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlindən gələni edəcək. Dostum, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə bu yaxınlarda Şuşada olduq. Şuşanın vətənə qayıtması da böyük sevinc mənbəyidir. Hər binanın üzərində Azərbaycan bayrağı dalğalanır… Amma hələ biz qardaş xalqların birlikdə görəcəyi çox iş var”, -deyə Slutski sözlərini yekunlaşdırıb.