Tokio, 10 iyul, /AJMEDIA/
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti və CASCFEN qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident kompleksinin binasında “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib.
AJMEDIA xəbər verir ki, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilati dəstəyi ilə baş tutub.
Tədbir iştirakçıları qarşısında çıxış edən ŞKTC Prezidenti Ersin Tatar Şimali Kipr və Azərbaycan xalqlarını birləşdirən sıx əlaqələrə diqqət çəkib.
Siyasətçi iki ölkə arasında, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində dialoqun dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Prezident Ersin Tatar əlavə edib: “Konfrans iştirakçıları adından bir daha Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını salamlayıram. Lefkoşa ilə Bakı arasında əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıram”.
Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə iştirakını ŞKTC üçün “diplomatik uğur” adlandırıb. “Mən müstəqil ŞKTC-nin lideri statusunda işğaldan azad edilmiş Azərbaycan torpaqlarında oldum və bu, ölkəmiz üçün növbəti diplomatik uğur idi”, – deyə siyasətçi bildirib. O eyni zamanda, Lefkoşada Azərbaycan Mədəniyyət Evinin açılması təşəbbüsünə hər cür dəstək verməyə hazır olduğunu bildirib.