Laçın Şəhəri Günü Azərbaycanın dəmir iradəsinin bütün dünyaya növbəti nümayişi oldu

Tokio, 27 avqust , /AJMEDIA/

Prezident İlham Əliyevin Laçın Şəhəri Günündə iştirakı, Həkəri çayının sahilindən verdiyi mesajlar Azərbaycanın dəmir iradəsinin bütün dünyaya nümayişi oldu.
İlk növbədə, 30 illik işğal dövründə daşı daş üstündə qoyulmayan, tarixi və mədəni abidələri dağıdılan Laçında cəmi 8 aya şəhər salınması, 1000-ə yaxın Laçın sakininin doğma şəhərinə qayıdışının təmin olunması, cari ilin sonunadək isə daha 900 ailənin məskunlaşacağının elan edilməsi ilə Prezident İlham Əliyev bütün dünyaya bir daha göstərdi ki, həmin ərazilər Azərbaycan torpağıdır və ermənilər üçün geriyə heç bir yol yoxdur.
Xatırladaq ki, Laçın şəhəri, Zabux və Sus kəndləri Vətən müharibəsində düşmən üzərində hərbi Qələbəmizə əsaslanan siyasi məcburetmə formasında düşməndən azad edilib. Bu ərazilərdə qanunsuz məskunlaşmış ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılıblar. Kapitulyasiya aktına müvafiq olaraq Azərbaycanın çevik tədbirləri nəticəsində vaxtından iki dəfə tez, ötən il avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Elə o zaman Prezident İlham Əliyev Laçın şəhərinə səfər edərək şəhərin mərkəzində Azərbaycan Bayrağını qaldırıb və “artıq bu doğma diyarımızda əbədi yaşayacağımızı” bəyan edib.
Rusiya sülhməramlılarının himayəsində çoxsaylı alternativ kommunikasiya imkanları olan, eləcə də Laçın-Xankəndi yolunda yaradılmış şəraitdən silahlanmaq və növbəti təcavüzə hazırlaşmaq üçün istifadə edən Ermənistan, özünün havadarlarının hərbi-siyasi dəstəyi ilə bu status-kvonu dəyişməkdə ümidli idi. Lakin Prezident İlham Əliyevin yüksək siyasi iradə nümayiş etdirərək suveren hüququmuz olan Laçın sərhəd-buraxılış məntəqəsini təsis etməsi həm bu bölgənin özünün, həm də regiondakı son sözün sahibinin kim olduğunu bütün dünyaya göstərdi. Azərbaycana qarşı artıq 4 aydır davam edən çirkabatma kampaniyasına gəlincə isə, Laçın Şəhəri Günündə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının bəyan etdiyi kimi, heç bir çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Digər tərəfdən, baş verənlər əslində Ermənistanı məhvə doğru aparır. Azərbaycan Prezidentinin dediyi kimi: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm də siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”.
Həkəri sahilindən verilən bu bəyanat əslində Ermənistan rəhbərliyi üçün növbəti siqnal rolunu oynayır. Ermənistanın baş naziri Paşinyan üçüncü ölkələrdən ona təlqin edilənlərlə İlham Əliyevin regionda yaratdığı reallıq arasında dərin uçurumu görməli, Bakının iradəsinə heç kimin təsir etmək iqtidarında olmadığını nəhayət ki, anlamalıdır. Ən azı Laçın ətrafında son bir ildə müşahidə olunan proseslər İrəvan üçün artıq dərs olmalıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin Laçın səfərində çıxışında diqqət çəkən digər məqam dövlət başçısının daha bir vədini yerinə yetirməsi oldu. Prezidentin özünün ifadə etdiyi kimi, o, 50 yaşı tamam olanda Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində laçınlılara azad Laçında daha gözəl şərait vəd etmişdi. Etiraf edək ki, işğal altındakı rayonlarımız arasında azad ediləsi ən çətin bölgə Laçın idi. Təbii-coğrafi mürəkkəblikdən əlavə Laçın Ermənistan və havadarları üçün siyasi təsir vasitəsi idi və bu ərazilərin azad olunması üçün yalnız güclü ordu kifayət etmirdi. Kəskin diplomatik zəkası, liderlik qabiliyyəti, ən əsası isə xalqın sərhədsiz inamı, sevgisi və dəstəyi ilə Prezident İlham Əliyev bütün vədləri kimi, bu vədinə də sadiq qaldı.
Müzəffər Ali Baş Komandan bu dəfə elə Laçının özündən vəd verdi. “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır”.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts