Tokio, 6 dekabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Polşanın Krakov şəhərində yaşayan Azərbaycan icması ölkəmizin ədalətli mövqeyinin və maraqlarının müdafiə olunması məqsədilə ATƏT-in Nazirlər Şurasına müraciət edib.
“Xarı bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sədat Şamillinin adından beynəlxalq təşkilata ünvanlanan müraciətdə ATƏT Nazirlər Şurasında bu yaxınlarda verilən bəyanatı pislənilib.
Bəyanatda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən onların qayıtmaq hüququ”nun vurğulanması, xüsusilə Ermənistanla münaqişə məsələsində Azərbaycanın diqqətdən kənarda qalması məqamlarının Krakovda yaşayan Azərbaycan icmasında ciddi narahatlıq doğurduğu və sərt etirazla qarşılandığı vurğulanıb.
Aİ-nin ermənilərin Qarabağdan köçməsi prosesində Azərbaycanın iştirak etmədiyinə məhəl qoymaması, etnik və dini narrativlərə yönəlmiş yanaşmanın Ermənistandan zorla qovulmuş azərbaycanlıların hüquqlarına şamil olunmaması ölkəmizə qarşı qərəz, seçmə yanaşma və beynəlxalq diplomatiyada ikili standartın aşkar təzahürü, Ermənistan tərəfindən 30 il ərzində Azərbaycana qarşı törədilmiş qəsbkar, dağıdıcı və terrorçu siyasətə göz yumulması kimi qiymətləndirilib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin və xüsusi nümayəndələrinin işğal illərində Azərbaycan ərazilərində canlı şahidi olduqları tarixi-mədəni-dini və ekoloji cinayətlərə mənfi münasibət bildirmədikləri və hesabatlarına salmadıqları faktı bir daha yada salınıb.
Hətta riyakarlığın belə sərhəd tanıdığını vurğulayan koordinator beynəlxalq ictimaiyyəti, xüsusilə də Avropa Birliyini, ATƏT-i öz vasitəçilik missiyasında qərəzsiz olmağa, Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirməyə, iki ölkə arasında dayanıqlı sülhün bərqərar olması prosesinə töhfələr verməyə çağırıb