Tokio, 18 fevral, /AJMEDIA/
Koreya Respublikasının Qyonqsanqbuk-do əyalətində yerləşən Dequ şəhərində Koreya-Azərbaycan Assosiasiyasının təsis olunması ilə əlaqədar tədbir keçirilib. Assosiasiyanın təsis edilməsi Azərbaycan və Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.
Ölkəmizin Koreya Respublikasındakı səfirliyindən AJMEDIA-ya bildirilib ki, Qyonqsanqbuk-do əyalətində fəaliyyət göstərən 20-yə yaxın şirkətin rəhbərinin və əməkdaşlarının iştirak etdikləri tədbirdə əyalət qubernatorunun xarici məsələlər və ticarət üzrə müşaviri Li İunq Von, Koreya-Azərbaycan Assosiasiyasının prezidenti İm Sub Han Koreya Respublikası və Azərbaycan arasında əlaqələrin son illər ərzində intensiv inkişafının əhəmiyyətini vurğulayaraq, yeni təsis olunan assosiasiyanın bu istiqamətdəki işlərə töhfə verəcəyinə inamlarını ifadə ediblər. Onlar iki ölkə arasında, xüsusilə Qyonqsanqbuk-do əyaləti ilə Azərbaycanın biznes dairələri arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıblar.
Səfir Rəmzi Teymurov Azərbaycan və Koreya Respublikası arasında son dövrdə iqtisadi sahədə intensivləşən əməkdaşlığın fonunda Koreya-Azərbaycan Assosiasiyasının təsis edilməsi və bu mühüm hadisənin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməsinin əhəmiyyətini vurğulayıb, iki ölkənin iqtisadi, siyasi, mədəni, humanitar və sair sahələrdə əməkdaşlıqda əldə etdiyi nailiyyətlərdən danışıb. Səfir hazırda Azərbaycan və Koreya Respublikası arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib, bu çərçivədə 30 ilə yaxın Ermənistanın işğalında qalmış Azərbaycan ərazilərinin azad olunması və həmin ərazilərdə aparılan quruculuq işləri, nəzərdə tutulan layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Dövlətimizin başçısı tərəfindən Koreya şirkətlərinin həmin quruculuq işlərinə dəvət edildiyini bildirən səfir R.Teymurov bu istiqamətdə görülmüş işlərdən danışıb və yeni təsis olunmuş assosiasiyanın öz fəaliyyətində bu istiqaməti nəzərə almasının vacibliyini vurğulayıb.
Tədbirdə Azərbaycanın İqtisadiyyat Nazirliyinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan potensial investisiya sahələrinə dair hazırladığı kitabçalar, eləcə də Xocalı Soyqırımına dair Koreya dilindəki broşürlər tədbir iştirakçılarına paylanılıb, Azərbaycana dair videoçarx nümayiş etdirilib.