Tokio, 10 iyul , /AJMEDIA/
Çin filosofu və mütəfəkkiri Konfutsinin vətəni hesab olunan Çüfu şəhərində 10-cu Nişan Dünya Sivilizasiyalar Forumu keçirilir.
AJMEDIA xəbər verir ki, “Ənənəvi mədəniyyət və müasir sivilizasiya” mövzusunda keçirilən foruma dünyanın 63 ölkəsindən dövlət rəsmiləri, alimlər, mədəniyyət xadimləri, diplomatlar, jurnalistlər qatılıb. Çinin Mədəniyyət və Turizm Nazirliyinin, Çin İctimai Elmlər Akademiyasının, Beynəlxalq Konfutsi Assosiasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkil etdiyi tədbir Çüfu şəhərində Nişan dağının ətəyindəki “Konfutsi dünyası” mədəniyyət mərkəzində keçirilir. Tədbirin açılış mərasimində çıxış edən Çin Kommunist Partiyası Şandon əyalət komitəsinin katibi Lin U, Çinin mədəniyyət və turizm naziri Sun Yeli və digərləri bu cür tədbirlərin dünya xalqları arasında mədəni mübadilə və dostluğun möhkəmləndirilməsindəki rolundan danışdılar.
İki gün davam edəcək forumda qlobal çağırışlar fonunda sivilizasiyaların qarşılıqlı öyrənilməsi və mübadiləsi, Çin və qərb modernləşməsi, süni intellekt və insan sivilizasiyası, modernləşmə prosesində sivilizasiyanın irsi və yeniliyi, sivilizasiya və müasir cəmiyyət və digər mövzularda panel müzakirələri aparılır.
Forum çərçivəsində müxtəlif tədbirlər, o cümlədən dəyirmi masalar, seminarlar, təqdimatlar təşkil olunur.
Qeyd edək ki, Nişan Dünya Sivilizasiyalar Forumu 2010-cu ildən bəri Çüfu şəhərində təşkil olunur.