Kitabxanada şair, yazıçı-publisist Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsi keçirildi

Tokio, 31 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında AYB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, yazıçı-publisist Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsi keçirildi.
Tədbiri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq ilk olaraq tədbir iştirakçılarını salamladı. L.Məmmədova “Qızıl qələm” və “Rəsul Rza” mükafatlarına layiq görülmüş şair Şövkət Horovlunun həyat və yaradıcılığından danışdı. O, Şövkət Zərin Horovlunun qadın yazarlarımız arasında öz dəst-xətti ilə seçildiyini vurğuladı. L. Məmmədova yazıçının Qarabağ həsrəti, yurd itkisi və yanğısıyla yazdığı əsərlərinin oxucuların diqqətini cəlb etdiyini söylədi. O, yazıçı Şövkət Zərin Horovlunun şeir yaradıcılığı ilə yanaşı, bir neçə romanın, povestin müəllifi olduğunu da qeyd etdi. O dedi: “Şövkət xanımın nəsr əsərləri yazması da şeirdə tam ifadə edə bilmədiyi mətləbləri daha geniş, epik planda əks etdirmək cəhdiylə bağlıdır”. L.Məmmədova yazıçının Qarabağ mövzusuna həsr etdiyi “Arazdan gələn səs” və “Köynək” romanları, uşaqlar üçün yazdığı “Yeddinci sevinc”, “Babam əyri yeriyir” və digər əsərləri haqqında fikirlərini söylədi və Ş.Horovlunun şeirlərindən parçalar söylədi. L.Məmmədova qeyd etdi ki, “Arazdan gələn səslər” kitabı 2010-cu ildə “İlin kitabı” elan olunmuşdur.
Yazıçı, tədqiqatçı, AYB-nin üzvü, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, Ş.Horovlunun yaradıcılığının tədqiqatçısı Mənzər Niyarlı çıxış edərək Ş.Horovlunun yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, Ş.Horovlunun “Açılmamış zərf” əsərindən təsirləndiyini vurğuladı. M.Niyarlı yazıçının “Arazdan gələn səs” romanında o tarixi dövrdə törənən faciələrin kökünü, səbəbini axtardığını, acı talelər, amansız fəciələrin romanı olduğunu qeyd etdi. M.Niyarlı yazıçının əsərlərini oxuyarkən yaşadığı hissləri tədbir iştirakçıları ilə bölüşdü və yazıçıya yaradıcılıq uğurları arzu etdi.
Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova yazıçıya yazdığı dərin əsərlərinə görə təşəkkürünü bildirdi. O, “Arazdan gələn səslər” əsərini oxuyarkən təsirlədiyini, romanında bir elin, obanın faciəsini dərin hisslərlə yaşadığını ifadə etdi. Y.Qafarova kitabın sonundakı “Marş irəli, Azərbaycan əsgəri!” çağırışını qeyd edərək insanların o dövrdən olan inamlarının qırılmadığını da vurğuladı.
Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova yazıçının “Arazdan gələn səs”in çoxplanlı bir roman olduğunu qeyd etdi. O, romanda çadırlarda yaşayan soydaşlarımızın çətin, ağır güzəranı, həyat tərzi, burada baş verən hadisələrin öz əksini tapdığından da danışdı.
Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Təranə Heydərova şairin “Sənsiz ağlayan nəğmə” şeirlər kitabı haqqında ətraflı məlumat verdi, şeirlərində həsrət və sevginin, kədər və sevincin yer aldığını, durduğu zirvədən keçmişə doğru qayıtdığını vurğuladı. T.Heydərova yazıçının “Məni ağlamayın” şeirini söylədi və həmin şeirə yazdığı “Mən öləndə ağlamayın…” adlı nəzirəni tədbir iştirakçılarına çatdırdı.
Şair, AYB-nin üzvü, 202 nömrəli məktəbin müəllimi Nafilə Nafil (Abuzərli) Ş.Horovlunun yaradıcılığından danışaraq onun bütün romanlarının elmi dayağı olduğunu, tariximizi bilmək üçün onun əsərlərini oxumağın vacib olduğunu qeyd etdi. O, Ş.Horovlunun əsərlərində güclü vətənpərvərlik hisslərinin öz əksini tapdığını vurğuladı. Nafilə Nafil “Ürəyim göyquşağı” kitabından Kərkük şairi Əli Yaşara yazdığı “Qavım-qardaş, nerdəsən” şeirini söylədi.
Yasamal rayon MKS-nin 2 nömrəli kitabxana filialının müdiri Yəmən Əmirova yazıçının şeirlərindən maraqlı məlumat verdi və tədbir iştirakçılarına Ş.Horovlunun “Gözləyəm səni” şeirini oxudu.
Yazıçı, AYB-nin üzvü, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Nüşabə Məmmədli tədbir iştirakçılarını salamladı. O, Ş.Horovlunun yaradıcılığından danışaraq qeyd etdi ki, Şövkət xanımı oxumaq – həyat məktəbini keçmək deməkdir. “Arazdan gələn səslər” romanının mənfi qəhrəmanı, mənfur Stepan haqqında məlumat verərək vurğuladı ki, əsərdə onun xarakterinin təsviri çox güclü verilib. N.Məmmədli yazıçının sevgi mövzusunda yazdığı şeirlər haqqında da geniş danışdı.
Şair, yazıçı Şövkət Horovlu tədbir iştirakçılarını salamlayaraq yaradıcılıq gecəsinin təşkilatçılarına dərin minnətdarlığını bildirdi. O, yaradıcılığa başladığı dövrlərdən, yarımçıq qalan istəklərindən, yaradıcılıq həyatının keşmə-keşli olduğundan söz açdı. O, Əfqanıstanda yaşadığı dövrdə yazdığı şeirlər və “Açılmamış zərf” romanından məlumat verdi. Ş.Horovlu qeyd etdi ki, onun yazdığı romanlardakı obraz və hadisələr real həyatdan götürülüb. Daha sonra şair Kabulda yazdığı “Bir xatirə, bir xəyalım, bir də mən” və “Unutmamışam” şeirlərini və 2019-cü ildə yazdığı “On beş yaşında qalsın” şeirini söylədi.
Yaradıcılıq gecəsinin sonunda Ş.Horovlu oxucuları və kitabxanaçıları maraqlandıran sualları cavablandırdı.
Yazıçılar Nüşabə Məmmədliyə və Şövkət Horovluya kitabxanaya çoxlu sayda kitab verdiklərinə və tədbirlərdə fəal iştirak etdiklərinə görə Təşəkkürnamə verildi.
Sonda xatirə fotolar çəkildi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts