Kino sənayesi nümayəndələrinin iştirakı ilə “Cinema Talks” adlı panel müzakirəsi aparılıb

Tokio, 10 mart, /AJMEDIA/

Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kino sənayesi nümayəndələrinin iştirakı ilə “Cinema Talks” (“Kino müzakirələri”) adlı panel müzakirəsi keçirilib.

AJMEDIA xəbər verir ki, əvvəlcə kino sənayesinin inkişafı sahəsində görülən işlərə dair videoçarx nümayiş olunub.

Panel müzakirəsindən əvvəl Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) əməkdaşı Səbinə Bağırova “Azərbaycan ərazisində xarici filmlərin istehsalı” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, xarici filmlərin ölkədə çəkilməsi yerli kino mütəxəssisləri üçün yeni iş imkanları və beynəlxalq təcrübədən faydalanmasına şərait yaradır.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda üç xarici film çəkilib. Bu filmlərin istehsalı təkcə Azərbaycanın beynəlxalq kino sənayesində tanınmasına deyil, həm də ölkə iqtisadiyyatına töhfə verib. S.Bağırova qeyd edib ki, beynəlxalq film istehsalçıları ilə əməkdaşlıq edən azərbaycanlı rejissorlar, operatorlar, ssenaristlər, aktyorlar və texniki heyət üzvləri dünya kinematoqrafiyasının ən son trendləri və texnologiyaları ilə tanış olur, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edirlər. Bu cür layihələr ölkədə kino sənayesinin inkişafına müsbət təsir göstərir, peşəkar kadr hazırlığını gücləndirir və yaradıcı potensialın genişlənməsinə şərait yaradır.

Çıxışlarda film istehsalı, bu sahədə infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunulub. Panel iştirakçıları yerli kino sənayesinin inkişafı üçün strateji yanaşmalar, dövlət dəstəyi mexanizmləri və yaradıcı mühitin gücləndirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüblər.

Paneldə, həmçinin kinofestivalların və kino fondlarının müştərək istehsal üçün platforma kimi rolu, beynəlxalq müştərək filmlərin çəkilişindəki prioritetlər, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi, “Baku Cinema Breeze” (BCB) kimi festivalların təşkilinin əhəmiyyəti, Türk dünyası ilə kino sahəsində birgə istehsalın (koproduksiya) təşviq olunması və digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin satış potensialı məhdud olan filmlərin istehsalına dəstək sisteminin yaradılması, yerli filmlərə olan tamaşaçı marağının artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan ərazisində kino istehsalı istiqamətindəki potensial imkanları barədə də müzakirələr aparılıb.

Xüsusi olaraq vurğulanıb ki, kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər, investorlar və kinoya maraq göstərən digər şəxslər üçün “Cinema Talks” yeni əməkdaşlıqlar qurmaq və fikir mübadiləsi aparmaq baxımından mühüm platforma rolunu oynayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts