Kimyaçı alimlərin kompleks elmi-texniki işi Dövlət Mükafatına təqdim olunub

Tokio, 14 mart , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu MMC-nin əməkdaşları tərəfindən işlənilən “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş texnika sahəsi üzrə Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunub.

Bu barədə AJMEDIA-ya Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.

Hər iki qurum son bir neçə ildir ki, respublikanın müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyət göstərir. Aparılan birgə elmi tədqiqat və tətbiqi işlərin nəticəsində itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün xüsusi təyinatlı motor yağları yaradılıb və istehsalı təşkil edilib.

Yaradılan motor yağı həm xaricdə, həm də daxildə xüsusi təyinatlı müəssisələrdə müvafiq mühərriklərdə stend sınaqlardan uğurla keçib və yeni nəsil yüksək gücləndirilmiş xüsusi təyinatlı dizel mühərriklərində istifadə üçün təklif olunub.

AMEA-nın Rəyasət Heyəti ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və iqtisadi inkişafı baxımından Aşqarlar Kimyası İnstitutunun və Təcrübə Sənaye Zavodunun əməkdaşları tərəfindən işlənilən “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” ilə bağlı elmi işi yüksək qiymətləndirib. Həmin kompleks elmi-texniki işin yerinə yetirilməsində iştirak edən müəlliflər kollektivinin 2022-ci il üçün texnika sahəsi üzrə Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunmasını məqsəduyğun sayıb.

Məlumat üçün bildirək ki, təqdim olunan iş Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə, institutun laboratoriya müdiri professor Həqiqət Cavadova, icraçı direktoru dosent Əfsun Sucayev, Təcrübə-Sənaye Zavodu MMC-nin baş direktoru Vasif Abbasov və Zavodun icraçı direktoru Səxavət Rüstəmov tərəfindən yerinə yetirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts