Tokio, 28 oktyabr , /AJMEDIA/
“Kibermüharibə” yarışı çox maraqlı keçdi. Tapşırıqlar kifayət qədər ağır olsa da, böyük təcrübə qazandıq. Yarışda həm “red”, həm də “blue” tərəfdən praktiki bacarıq nümayiş etdirməli idik. Əlimizdən gələni etdik.
Bu sözləri müsahibəsində “CIDC 2023” tədbirinin “Kibermüharibə” yarışında birinci yerə layiq görülmüş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “UEİP” komandasının üzvü Ruslan Bərzigyar deyib.
İnformasiya Texnologiyaları (İT) sahəsində 10 ildən çox, kibertəhlüksizlik sahəsində isə 4 ildir fəaliyyət göstərən Ruslan Bərzigyar deyib: “Komandamız 5 nəfərdən ibarət idi, dörd kişi və bir xanım. Xanımların İT sahəsində bacarıqlarının inkişaf etdirilməsi və yarışlarda bizimlə bərabər iştirak etməsi çox müsbət haldır. Yeni bir enerji qatır, xüsusilə komanda yarışlarında. Xanımların İT-yə daha çox yönəlməsini istəyərdim”.