Tokio, 17 fevral, /AJMEDIA/
Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) (“Network of Azerbaijani Canadians”) təşkilatçılığı ilə Kanada parlamentində Xocalı qətliamına dair petisiya təqdim edilib.
KAŞ-dan AJMEDIA-ya bildirilib ki, petisiya Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü cənab Maykl Kuperin dəstəyi ilə rəsmi petisiya olaraq dərc edilib və 1500-dən artıq Kanada vətəndaşının imzası ilə parlamentə təqdim olunub. Ötən gün, petisiyanın parlamentdə təqdimatında Maykl Kuper Xocalı qətliamının Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu və münaqişə nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və 800 mindən çox azərbaycanlının öz torpaqlarından qovulduğunu qeyd edib.
Petisiyada Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının Kanada hökuməti tərəfindən rəsmi olaraq pislənməsi, 26 fevralın Kanadada Anım Günü kimi qeyd olunmasının elan edilməsi və gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması məqsədilə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də münasibətlərin normallaşdırılması səylərinə Kanada tərəfindən dəstəyin verilməsi tələb edilir.
Qeyd edək ki, petisiya üçün imzaların toplanmasında Kanadada yaşayan azərbaycanlılar aktiv iştirak ediblər. KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasdadır və intensiv görüşlər keçirməkdədir. KAŞ qarşıdan gələn müddət ərzində də bu işləri davam etdirmək və Azərbaycan icmasının fikirlərini Kanada siyasətçiləri və hökumət orqanlarına çatdırmaq niyyətindədir.
Onu da qeyd edək ki, KAŞ Kanadada yaşayan azərbaycanlıların bu ölkənin cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılıb.