Kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər

Tokio, 1 noyabr, /AJMEDIA/

Kənd Təsərrüfatı Nazirliyində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Nazir bildirib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan qüdrətli dövlətə çevrilib. Hazırda Azərbaycan yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növbəti mərhələsini yaşayır. Dövlət başçısının ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən etdiyi vəzifələrə uyğun olaraq, aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilir.

Nazir bu gün aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələrin Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib. Ötən gün dövlət başçısının kənd təsərrüfatı sektorunda çalışan 37 nəfəri orden və medallarla təltif etdiyini xatırladan Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Bu il 11-22 noyabr tarixlərində Bakının Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir əlavə edib ki, noyabrın 19-da “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün təqdimatı keçiriləcək. Kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləmək məqsədilə yaradılan bu təşəbbüs Azərbaycanda iqlim dostu kənd təsərrüfatı texnologiyalarının tətbiqinə böyük töhfə verəcək.

Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründən başlanan aqrar sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şöbə müdiri əlavə edib ki, aqrar sahədə yeni təsərrüfat münasibətlərinin formalaşması, daha innovativ yanaşmaların tətbiqi öz bəhrəsini verir və aqrar sahədə ciddi uğurlar əldə edilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ölkədə qeyri-neft sektorunun inkişafında aqrar sahənin rolunun böyük olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu ilin 9 ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 438 milyon manat təşkil edib. Müasir dövrün aqrar sahənin qarşısında yeni reallıqlar və yeni tələblər qoyduğunu deyən Tahir Rzayev qeyd edib ki, kənd təsərrüfatı işçilərinin üzərinə böyük məsuliyyət və vəzifələr düşür.

Tədbirdə çıxış edən “Agro Food Investments” MMC-nin direktoru Vahid Novruzov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, arıçı fermer Anar Məmmədov verdiyi dəyərə görə dövlət başçısına minnətdarlığını bildirib, aqrar sahədə görülən işlərdən danışıb, kənd təsərrüfatına dövlət dəstəyinin bu sahəyə marağı daha da artırdığını vurğulayıblar.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı xidmətdə fərqləndiyinə görə Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanla təltif olunublar. Həmçinin COP29 çərçivəsində ekoloji məsələlərə, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də yaşıl enerjinin kənd təsərrüfatına təsiri mövzusuna diqqət çəkmək və tullantıların təkrar emalını təşviq etmək məqsədilə elan edilən “Kənd təsərrüfatı təbiətlə harmoniyada” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən nazirlik əməkdaşları və fermerlər göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts