İzmirdə “44 günlük Vətən müharibəsi: Böyük Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib

Tokio, 8 oktyabr , /AJMEDIA/

Türkiyənin İzmir vilayətində “44 günlük Vətən müharibəsi: Böyük Zəfərə gedən yol” mövzusunda konfrans keçirilib.
AJMEDIA xəbər verir ki, Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda keçirilən tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, adıgedən ali təhsil müəssisəsi və institut, eləcə də Türkiyədən Məzun olan İş Adamları və Ziyalılar Platformunun dəstəyi ilə baş tutub.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri, professor Nedim Məcid, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Ege Universitetinin rektorunun müavini Mehmet Ersan Azərbaycanın tarixi Zəfəri və Qələbəyə gedən yoldan danışıblar.
Bildirilib ki, Azərbaycanın şanlı Zəfəri həm də türk dünyasının yenidən dirilişinin tarixidir. “Bir millət, iki dövlət!” şüarını əsas tutaraq bu, hər birimizin, haqqın, ədalətin Qələbəsidir.
Baş konsul bildirib ki, 2020-ci il Azərbaycan tarixinin dönüm nöqtəsi oldu. Bu il Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsinin nəticəsində əldə edilən Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycan 30 illik işğal dövrü ərzində hər zaman beynəlxalq hüquqa güvəndi, lakin bunun qarşılığında Ermənistan bütün hüquqları tapdadı. Bunun nəticəsində 30 il əvvəl analarının qucağında doğma torpaqlarından çıxarılan körpələrimiz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında birləşərək güclü Orduya döndü. O körpələr 30 il sonra şanlı Zəfərlə Vətənlərinə geri döndülər. Hazırda Azərbaycan işğaldan azad edilən ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Bu Zəfər Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, həm də bölgənin sabitliyi və gələcəyi baxımından çox vacibdir.
Konfrans işini panel iclasla davam etdirib.
İnstitutun türk dünyası sosial, iqtisadi və siyasi əlaqələr bölməsinin rəhbəri professor Vəfa Qurbanın moderatorluğu ilə keçirilən iclasda Türkiyənin Milli Müdafiə Universitetinin quru hərb məktəbinin professoru İbrahim Ethem Atnur və Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsinin professoru Toğrul İsmayıl tarix boyu ermənilərin türk millətinə qarşı apardığı təcavüzkar siyasət, Vətən müharibəsində əldə edilən Qələbədən sonra bölgədə sabitlik və inkişaf üçün yaranan fürsət, erməni diasporunun əsassız iddiaları, Azərbaycanın enerji sahəsindəki inkişafı kimi mövzularda məruzələrlə çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts