Tokio, 29 yanvar, /AJMEDIA/
İtaliyanın 13-cü prezidentinin müəyyən olunacağı prezident seçkilərinin yanvarın 28-i səhər saatlarında keçirilən səsverməsinin beşinci turunda da heç bir namizəd ilk dörd turda olduğu kimi lazımi səs sayına çata bilməyib.
AJMEDIA xəbər verir ki, “Böyük Seçki Məclisi”ndə keçirilən səsvermədə Senatın sədri Maria Elisabetta Alberti Kaselatti 382, hazırkı Prezident Sercio Mattarella 46 səslə ən çox səs toplayıblar. Boş bülletenlərin sayı isə 406 olub. Beləliklə bu turda heç bir namizəd prezident seçilmək üçün səslərin yarıdan çoxunu, yəni, 505 səs yığa bilməyib.
Yanvarın 28-dən etibarən səsvermə sutkada iki dəfə keçirilir. Axşam saatlarında keçirilən səsvermənin altıncı turunda isə hazırkı Prezident Sercio Mattarella 329 səs toplayıb, seçki qutusuna 443 boş bülleten atılıb.
Qeyd edək ki, İtaliyada iki böyük alyans – həm sağ-mərkəzçilər, həm də sol-mərkəzçilər öz namizədlərini prezident seçmək üçün “Böyük Seçki Məclisi”ndə kifayət qədər çoxluğa malik deyillər. Bu da partiyaları seçkini yekunlaşdırmaq üçün ortaq namizəddə razılaşmağa məcbur edir. Hələ ki, hər iki alyans ortaq namizədlə bağlı razılığa gələ bilməyib.