Tokio, 27 oktyabr, /AJMEDIA/
Oktyabrın 26-da Stokholmda Dünya Azərbaycanlıları Beynəlxalq Fondu, İsveç Azərbaycanlıları Konqresi, “Türksan” Türk Dünyası Mədəniyyət və İncəsənət Mərkəzi, Stokholm və Sankt-Peterburq Universitetləri, həmçinin “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ və Qərbi Azərbaycan: Zəfərin təntənəsi” adlı beynəlxalq elmi onlayn simpozium keçirilib.
AJMEDIA xəbər verir ki, 2020-ci il Vətən Müharibəsində zəfərin əhəmiyyətinə həsr olunmuş simpoziumda 13 ölkədən 200-dən çox adam iştirak edib.
Giriş nitqi ilə çıxış edən “Türksan” sədri Ellada Gərayzadə qeyd edib ki, simpoziumda iştirak etmək üçün müraciətlərin çoxluğu elmə və Türk dünyasına marağın nə qədər geniş olduğunu bir daha sübut edir.
“Qarabağdakı qələbə təkcə Azərbaycanın hərbi uğuru deyil, həm də xalqımızın birliyinin, əzmkarlığının və tarixi ədalətin təntənəsinin rəmzidir. Müasir Azərbaycanda Qərbi Azərbaycan anlayışı siyasi və diplomatik müzakirələrdə yenidən gündəliyə gəlib. Qarabağ münaqişəsinin artıq mübahisəli məsələ olmadığı bir vaxtda, Ermənistandan köçürülmüş, o cümlədən Qərbi Azərbaycanı tərk etməyə məcbur olan azərbaycanlı icmalarla bağlı daha mühüm müzakirə mövzusu olmaqda davam edir. Azərbaycan hökuməti bu qaçqın qrupların geri qayıtmaq hüququnu və regionda onların mədəni irsinin qorunub saxlanmasını istəyir.
Bu məsələnin Azərbaycanın milli kimliyinə də təsirləri var. Tarixi ədalətsizlik, məcburi köçkünlük və mədəni irsin bərpası istəyi ilə bağlı rəvayətlər ölkənin diplomatik və sosial mövqeyinin formalaşmasında mühüm rol oynayır. Bu kontekstdə Qərbi Azərbaycan sadəcə coğrafi ad deyil, Azərbaycanın öz mədəni və tarixi itkilərinin tanınması uğrunda apardığı mübarizənin əsas elementidir”, – deyə E.Gərayzadə davam edib.
İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan ordusu sayəsində işğal olunmuş torpaqlar azad edilib və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. O, həmçinin diqqətə çatdırıb ki, İsveçdə belə bir tədbirin təşkili 8 noyabr Zəfərin qeyd olunmasında mühüm addımdır.
“Tədbir təkcə elmi müzakirələr üçün deyil, həm də tariximizi, mədəniyyətimizi, milli qürurumuzu qorumaq üçün platforma rolunu oynayır. Qərbi Azərbaycanda tarixi ədalətin bərpası məsələsi bizim müzakirələrimizin əsas istiqamətlərindən biridir. İsveç kimi cəmiyyətlərdə bu mövzuların müzakirəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə o, əlavə edib.