Tokio, 22 iyun, /AJMEDIA/
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
AJMEDIA xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.
Ali və yüksək səviyyədə qarşılıqlı səfər və təmasların dövlətlərarası əlaqələrimiz üçün möhkəm bünövrə rolunu oynadığına dair həmfikirlik ifadə olunaraq, cari ilin mayında Pakistanın Baş nazirinin Azərbaycana baş tutmuş sonuncu səfəri, Laçında keçirilmiş görüşlər zamanı iki ölkənin liderləri arasında aparılan müzakirələrin əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycanın iyulda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına ev sahibliyi və 2026-cı ildən etibarən başlayacaq İƏT sədrliyinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığımız üçün əlavə imkanlar yaradacağı bildirilib.
Davamlı siyasi dialoqumuzun digər ölçülər üzrə əməkdaşlıq əlaqələrimizin inkişafına müsbət təsirindən bəhs olunub, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüşdə son regional proseslər diqqət mərkəzində saxlanılıb, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi narahatlıq ifadə olunub və münaqişənin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.