İstanbulda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 11-ci Baş Assambleyasının rəsmi açılış mərasimi olub

Tokio, 19 noyabr , /AJMEDIA/

İstanbulda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) 11-ci Baş Assambleyasının rəsmi açılış mərasimi olub.
AJMEDIA xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanladığı məktubu oxunub.
Hər bir qlobal inkişafın bəşəriyyətin qədim vətəni olan Asiya qitəsinin əhəmiyyətini və yüksəlişini bir daha təsdiqlədiyini qeyd edən Türkiyə Prezidenti bildirib ki, humanitar, iqtisadi və qlobal irsindən getdikcə daha səmərəli istifadə olunan Asiya qitəsinin gələcəyinin qurulmasında siyasi partiyalar mühüm rol oynamalıdır.
Tədbirdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, AK Partinin sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan, ICAPP Daimi Komitəsinin sədrinin müavini Muşahid Hüseyn Seyid çıxış ediblər.
Çıxışlarda Asiya qitəsinin gələcəyə baxışı, dünyada baş verən qlobal dəyişikliklər, qarşıdurmalar və bu kimi problemlərin həlli istiqamətində siyasi partiyaların rolu, Asiya ölkələri arasında ticarət əlaqələri, Türkiyənin bölgədəki rolu, Xəzər dəhlizi kimi məsələlərə toxunulub.
Çıxışında Türkiyənin terror təşkilatlarına qarşı mübarizəsinin bütün dünyanın təhlükəsizliyi və sülhü üçün olduğunu vurğulayan Fuat Oktay ölkəsinin dünyanın qaynar toqquşmalarının ən qızğın olduğu regionunun mərkəzində yerləşdiyini deyib.
Konfrans plenar iclaslarla davam etdirilib.
Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ev sahibliyi ilə təşkil olunan konfransda ölkəmizi Yeni Azərbaycan Partiyası (YAP) təmsil edir. Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts