İsrail Prezidentinin Azərbaycana səfəri iki dost ölkə arasında münasibətlərin yeni mərhələyə qalxdığını təsdiq etdi

Tokio, 31 may , /AJMEDIA/

İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qalxdığını bir daha təsdiq etdi.
Bunu Prezident İlham Əliyevin mətbuat üçün birgə bəyanatda vurğuladığı fikirlər də təsdiq edir: “Azərbaycan ilə İsrail arasında çox fəal siyasi dialoq var və bu səfər də ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir”.
Azərbaycan ilə İsrail arasında siyasi tərəfdaşlığın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu müttəfiqlik yalnız qarşılıqlı hörmət və ehtiramı ifadə etmir, eyni zamanda konkret istiqamətlərdə ciddi geosiyasi nəticələrə yol açır. Buna iki ölkə arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı nümunə kimi göstərə bilərik. Bu gün əksər ekspertlər təsdiq edirlər ki, həmin əməkdaşlıq bütün regionun təhlükəsizliyində ciddi rol oynamaqdadır. Bunu Prezident İlham Əliyev də açıq şəkildə təsdiq etdi: “Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan-İsrail qardaşlığının kökündə yalnız İsraillə hərbi-siyasi əməkdaşlıq dayanmır. Yəhudilər yüz illərdir ki, Azərbaycan cəmiyyətinin ayrılmaz və dəyərli tərkib hissəsidir. Məhz bunu nəzərdə tutan Prezident İlham Əliyev ölkəmizdəki yəhudi icmasını Azərbaycanın böyük sərvəti adlandırıb.
İsrail Prezidenti İsxaq Hersoq isə Bakıda səsləndirdiyi bəyanatında bildirib ki, “millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir”. Bu fikirlər iki ölkə arasında sıx dostluq münasibətlərinin mövcudluğunu bir daha təsdiq edir və yalnız müdafiə sənayesi ilə kifayətlənmir. İsrailin dövlət başçısının bu səfəri məhz ikitərəfli münasibətlərin gündəliyində duran önəmli məsələlərin daha geniş spektirini müzakirə etmək üçün əlverişli şərait yaradıb. Təsadüfi deyil ki, İsraildə Azərbaycan səfirliyinin artıq fəaliyyət göstərməsi, əlaqələri daha yüksək səviyyəyə qaldıraraq daha sıx əməkdaşlıq üçün yeni imkanlar açıb.
İki dövlətin başçılarının müzakirələr zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə birgə əməkdaşlıq layihələri, habelə irriqasiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq, təhsil, səhiyyə və kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət barədə apardığı fikir mübadiləsi bu dost dövlətin biribirinə daha möhkəm bağlanmasına səbəb olacaq.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts