Tokio, 14 aprel , /AJMEDIA/
İsrailin hava məkanı İranın hücumu ilə əlaqədar aprelin 14-ü saat 00:30-dan 07:00-dək beynəlxalq və daxili uçuşlar üçün bağlanacaq.
AJMEDIA xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
İsrail ordusu indiyədək İrandan İsrailə atılan 100-dən çox pilotsuz uçan aparatı müəyyən edib. Ordudan bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri pilotsuz təyyarələri izləyir və əlavə hücum dalğalarına hazırlaşır, o cümlədən bu, raketlər də ola bilər. Hazırda izlənən pilotsuz təyyarələrin ölkəyə bir neçə saat ərzində çatması gözlənilir, lakin İsrail ordusu onları daha erkən mərhələdə zərərsizləşdirməyə çalışacaq.
Ordunun məlumatına görə, onlarla döyüş təyyarəsi hazırda səmadadır və ehtiyac duyulan yerə zərbə endirməyə hazırdır.
“Kan” mənbələrə istinadən bildirir ki, pilotsuz təyyarələr təkcə İrandan deyil, digər ölkələrdən, o cümlədən Yəməndən də atılıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Watson isə İranın İsrail istiqamətində pilotsuz uçuş aparatları buraxması ilə bağlı danışarkən bildirib ki, İsrailə qarşı hücumun bir neçə saat davam edəcəyi ehtimal olunur. “Bu hücum çox güman ki, bir neçə saat davam edəcək. Prezident Co Bayden açıq şəkildə bildirib ki, İsrailin təhlükəsizliyinə dəstəyimiz sarsılmazdır. Birləşmiş Ştatlar İrandan gələn bu təhdidlərə cavab olaraq İsrail xalqının yanında olacaq və onların təhlükəsizliyini dəstəkləyəcək”, – deyə onun bəyanatında qeyd olunub.
“Al Arabiya” telekanalı məlumat yayıb ki, İrandan İsrailə doğru atılan pilotsuz təyyarələr İordaniyanın hava məkanını keçib. Media İranın İsrailə “Şahed” kamikadze pilotsuz təyyarələri ilə hücum etdiyini yazır.