İsmayıllıda Yaponiyanın ölkəmizdəki səfiri ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Tokio, 2 Oktyabr, /AJMEDIA/

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi oktyabrın 1-də İsmayıllı rayonunda olub.

AJMEDIA-nın bölgə müxbiri xəbər verir ki, yaponiyalı diplomat əvvəlcə rayon rəhbərliyi ilə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov səfirə İsmayıllının tarixi, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı barədə ətraflı məlumat verib. Qeyd edib ki, İsmayıllıda turizm sahəsinin inkişafı üçün bütün imkanlar mövcuddur. İcra başçısı səfirə bölgədə reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib.

Səfir Vada Cuniçi göstərilən xoş münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, gəlişinin əsas məqsədi İsmayıllı rayonu ilə dostluq əlaqələrini daha da möhkəmləndirməkdir. Səfir, habelə Yaponiyada xarici işçi qüvvəsini qəbul etmək üçün 2019-cu ildən etibarən yeni “Xüsusi bacarıq” sisteminin fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, bu müəyyən dərəcədə təcrübə və bacarıqlara sahib olan və ciddi işçi qüvvəsi çatışmazlığı şəraitində dərhal işə başlaya biləcək xarici vətəndaşları qəbul etmək üçün yaradılmış yeni bir sistemdir. Müəyyən yapon dili bacarığı olan İsmayıllı sakinlərinin də bu layihədə iştirak edə biləcəyini bildirib. Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfirə milli ornamentlərin təsvir olunduğu Azərbaycan xalçası hədiyyə edilib.

Daha sonra sakura ağacları əkiləcək ərazilərə baxış keçirilib.

Xatırladaq ki, sakura ağacı Yapon ruhunun nəcib xarakteri kimi göstərilir. Sakuralar Yaponiyanın təbii zənginliyi olaraq da təsnif edilir. Bu səbəblə ağacın istər toxumunu, istərsə də özünün ölkədən kənara çıxarılması ilə bağlı məhdudiyyətlər vardır, sadəcə olaraq 9 ölkəyə göndərilmişdir. Ümumbəşəri dostluğu gücləndirmək, başqa ölkələrlə əlaqələri daha da dərinləşdirmək məqsədilə hədiyyə edilir. Sevindirici haldır ki, sakura ağacı hədiyyə edilmiş ölkələrin siyahısına Azərbaycan da, o cümlədən bölgə olaraq İsmayıllı rayonu da daxil edilib.

Qeyd edək ki, Yaponiyanın İto şəhəri ilə qardaşlaşmış İsmayıllı şəhərində Yapon bağı salınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts