Tokio, 26 may, /AJMEDIA/
Bu gün biz islamofobiyaya qarşı mübarizə aparırıq, qərəzi ifşa etməyə çalışırıq.
AJMEDIA xəbər verir ki, bu fikri Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Dini Münasibətlər Komissiyasının sabiq katibi Xəlid Akaşeh Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Fərqli kontekstlərdə islamofobiya: regional perspektivlər” mövzusunda panel sessiyada səsləndirib.
Müsəlmanlarla dialoqa daim açıq olduqlarını deyən Xəlid Akaşeh bildirib: “Müsəlman dostlarımız bizə daim sevgi və diqqətlə yanaşıblar. Bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq”.
O qeyd edib ki, insanlar arasında qarşılıqlı etimad çox vacibdir. Qərəzli yanaşmalar nəticəsində insanlar cəmiyyətdən təcrid olunur, hüquqlarından məhrum edilirlər. İslamdan qorxu fenomeni geniş yayılmaqdadır. Biz müsəlmanlarla birgə, çiyin-çiyinə bu təhlükəyə qarşı mübarizəyə hazırıq.
“İslamofobiya yalnız müsəlmanlara deyil, bütün insanlığa qarşı yönəlmiş təhlükədir. Bu, dünyada əmin-amanlığın pozulmasına səbəb olur. Təəssüf ki, müsəlmanlar çox zaman radikal kimi təqdim edilir”, – deyə Xəlid Akaşeh vurğulayıb.