Tokio, 18 sentyabr, /AJMEDIA/
Üzeyir bəy Hacıbəyli kimi dahinin azərbaycanlı olması bizim üçün ilahi bir hədiyyədir. Azərbaycan mədəniyyətinə misilsiz xidmət edən Üzeyir Hacıbəyli, əlbəttə ki, təkcə doğulduğu və əbədiyyətə qovuşduğu gün yox, daima xatırlanmalı, ehtiramla anılmalıdır. Həmçinin məzarı yalnız xüsusi günlərdə deyil, ilin müxtəlif zamanında ziyarət olunmalıdır. Sözsüz ki, vəfa borcumuz, sadəcə, bununla tamamlana bilməz. Öhdəmizdə bununla bağlı saysız-hesabsız görüləcək işlər var. Onun həyat və yaradıcılığı barəsində bir neçə məqalə müəllifi olsam da, bilirəm ki, bunlar hələ o böyüklüyün önündə cüzi işlərdir.
Bu fikirləri musiqişünas, Prezident təqaüdçüsü Aysel Kərimin “İşığı ilə dünyamızı nurlandıran dahi Üzeyir Hacıbəyli” sərlövhəli yazısında yer alıb. AJMEDIA yazını təqdim edir.
Ruhunun işığı daima dünyamızı nurlandıran o dahi şəxsiyyətin – Üzeyir Hacıbəylinin bu gün 139 illik yubileyidir. Əlamətdar bir məqam xüsusi vurğulanmalıdır ki, Üzeyir bəyin doğum gününün musiqi bayramı kimi keçirilməsinin təməli Ümummilli Liderimiz, mədəniyyətimizin böyük himayədarı olan Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Daha sonra – dahi bəstəkarın 110 illik yubileyində isə bunu rəsmiləşdirib. Əbədiyaşar liderimiz Heydər Əliyev Üzeyir Hacıbəyli barəsində deyib: “Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycan peşəkar musiqisinin əsasını böyük Üzeyir Hacıbəyli qoyub”. “Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir”, “Mən Üzeyir Hacıbəylinin xatirəsi qarşısında baş əyirəm”, “Sizi Üzeyir Hacıbəylinin irsinin yaşaması naminə birliyə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm” kəlamları ilə ölməz sənətkarımızı ən ali məqama ucaldıb.
Dövlətimizin başçısı İlham Əliyev Üzeyir bəy irsinə, onun milli və bəşəri miqyasına, böyük önəminə daima ali münasibət nümayiş etdirib. Dahi bəstəkarın adının, irsinin yaşadılması, layiqincə uca tutulması ilə bağlı məsələlər hər zaman onun yüksək diqqətində olub. Prezident İlham Əliyev dahi bəstəkar Üzeyir Hacıbəyli barəsində söz açarkən: “Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir”,- deyə vurğulayıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunub. Bu günədək keçirilən festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.
Bilirik ki, Üzeyir Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri olub. Hazırkı sədr isə Firəngiz xanım Əlizadədir. Firəngiz xanım özündən öncəki ənənələri qoruyaraq inkişaf etdirməkdədir. İttifaqda dahi bəstəkarın abidəsinin olması, portretinin asılması və qurumun Konsert Salonunun Üzeyir Hacıbəylinin adını daşıması xüsusilə əlamətdardır.
Şanslıyıq ki, bu gün Azərbaycan Bəstəkarlar İttifaqına Xalq artisti, professor Firəngiz Əlizadənin şəxsində dahi Üzeyir bəyin sənət yolunun parlaq davamçısı, musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, dünyaşöhrətli bir musiqi xadimi rəhbərlik edir. Firəngiz xanımın Üzeyir bəy şəxsiyyəti və yaradıcılığı barədə söylədikləri bu mövzuda dinlədiyim ən əhatəli və dəyərli fikirlər kimi yaddaşıma həkk olunub. Firəngiz Əlizadə bu barədə bildirib: “Doğma torpağın ən dəyərli yetirməsi, vətənpərvər, fədakar, fitri istedada malik olan, sözün əsl mənasında, böyük, ziyalı – Şərq musiqisinin sönməz günəşi – Üzeyir Hacıbəylidir. Siz müxtəlif zövqlü ola bilərsiniz, musiqinin fərqli növlərini sevə bilərsiniz, klassik və ya romantik əsərləri dinləyə bilərsiniz. Amma Üzeyir bəyin musiqisi elə bir gözəlliyə malikdir ki, onu sevməmək mümkün deyil. Çünki onun ölməz əsərləri bütün zövqləri oxşayır və könülləri ram edir. Odur ki, Azərbaycan musiqisi məhz Üzeyir bəyin xidmətləri sayəsində dünyada şöhrət qazanıb”.
Onu da qeyd edək ki, festival çərçivəsində bir neçə tədbir ənənəvi olaraq məhz üzvü olduğum Bəstəkarlar İttifaqında təşkil olunur. Kamera musiqisi konsertləri, xaricdən gələn musiqiçilərlə görüşlər, elmi konfransları misal gətirə bilərik. İttifaqın bu yöndəki fəaliyyətindən söhbət açarkən onun rəhbərliyi ilə təşkil olunan bir çox önəmli layihələrin, elmi-praktik konfransların, festivalların şahidi olmuşuq. Həmin tədbirlərdə Üzeyir bəyin öz əsərləri ilə yanaşı, ona həsr olunan əsərlər də yer alıb. Elmi konfranslarda hər dəfə dahi bəstəkarın barəsində yeni-yeni faktlar ortaya qoyulub.
2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünyaşöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” Fəxri medalı ilə təltif edilməsi də son dərəcə önəmli bir hadisə olaraq diqqət çəkir. Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban xanım Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir peşəkar musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim edib.
“Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir”,- deyə Mehriban xanım Əliyeva dahi bəstəkar barədə bildirib. Nəzərə çatdıraq ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi münasibətilə birinci Muğam müsabiqəsi keçirildi. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan “Üzeyir dünyası” layihəsi işıq üzü gördü. Həmin nəşrə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.
Əbədi xatirəsi daima əziz tutulan Üzeyir Hacıbəylinin yaradıcılığından, əsərlərindən, milli üslubundan, yeniliklərindən, musiqi tarixindəki mövqeyindən və xidmətlərindən bir ömür boyu danışmaq olar. Onun irsinə yüksək ehtiramımız əslində millət olaraq mənəvi borcumuzdur.
Bu gün sentyabrın 18-dən başlayaraq 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir. Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq. Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi reallaşacaq. Həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir Hacıbəylinin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur. Festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya Respublikası, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.
Dünyadakı millətlər fərqli dildə danışsa da musiqi insanları bir yerə toplamağı bacaran universal dildir. Ən əsası böyük mədəniyyətdir. Biz azərbaycanlıları bu mədəniyyətə qovuşduran dahinin ruhu şad olsun! Üzeyir Hacıbəyli sayəsində doğulan peşəkar musiqi-bəstəkarlıq sənəti əbədi yaşasın və Azərbaycanın bu gözəl bayramı mübarək olsun!