Tokio, 25 yanvar , /AJMEDIA/
“Cine Club” kinozalında tanınmış şairə İranə Qasımovanın “KinoLirika” layihəsi çərçivəsində poeziya gecəsi keçirilib. Tədbirdə layihə müəllifi öz şeirlərini məşhur filmlərdən musiqi və kadrların müşayiəti ilə tamaşaçılara təqdim edib.
AJMEDIA xəbər verir ki, “KinoLirika”nın Bakıda artıq bir neçə dəfə keçirilməsinə baxmayaraq, tədbirdə bütün tamaşaçı yerləri tutulub. İranə Qasımovanın bildirdiyinə görə, 2017-ci ildən bəri təşkil olunan layihə çərçivəsində “Kinolirika” 5 dəfə təqdim edilib.
“Əlbəttə, illər keçdikcə mən bu çıxışa əlavələr etmişəm, daha da təkmilləşdirmişəm, tamaşaçılar isə ona baxandan sonra dərhal təkrarən baxmaq istədiklərini dilə gətirirlər. Bir çoxları hətta iki dəfə baxıb. Lakin “Cine Club” zalı cəmi 50 tamaşaçı yerlikdir, buna görə də, bu dəfə tədbirə hələ “KinoLirika” layihəsini izləməyən qonaqlarımı dəvət etmişəm. Xoşbəxtlikdən, onlar bu çıxışı çox böyük hərarətlə qarşıladılar”, – deyə layihə müəllifi bildirib.
Tədbir, həmçinin Moskva, Sankt-Peterburq, Tbilisi və İstanbulda böyük uğurla keçirilib, lakin şairənin dediyinə görə, Moskvadakı çıxışı onun üçün xüsusilə yaddaqalan olub.
“Moskva auditoriyası sənətin istənilən növünə böyük həvəs göstərsə də, bu şəhərdəki tamaşaçılar poeziyaya xüsusi ehtiram və ciddiyyətlə yanaşırlar. Mən orada nəinki “KinoLirika” layihəsi ilə çıxış etmişəm, həm də öz şeirlərimi təqdim etdiyim müxtəlif poeziya axşamlarında və digər iri layihələrdə iştirak etmişəm. Tamaşaçılar təkcə gurultulu alqışlar və təşəkkür ifadələri ilə kifayətlənmirdilər, bir çoxu mənə yaxınlaşaraq bəyəndikləri hər bir şeiri ayrılıqda müzakirə etməyə başlayırdı. Poeziyaya bu cür böyük diqqət və sevgi hər zaman olduqca xoşdur”, – deyə şairə qeyd edib.
Layihə müəllifinin tədbir zamanı oxuduğu şeirlər onun “İrrasionallığın aliliyi” şeirlər toplusunda yer alıb.
İranə Qasımova şairə, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeirlər toplusunun müəllifi, “İranə Qasımova ilə poeziya klassikası”, “İranə Qasımova ilə Poetry-batl” və “İranə Qasımova ilə açıq poeziya mikrofonu” adlı mədəniyyət tədbirlərinin təşkilatçısıdır.